Misli Premyer Liqasının V turunun "Sumqayıt" – "Neftçi" oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Futbolçulara yaxşı oyuna görə təşəkkür edirəm. Bundan əvvəl "Sabah"a,"Turan Tovuz"a qarşı yaxşı matç keçirmişdik. Daha da üstünə qoyaraq bu gün qələbə qazanmaq istəyən komanda gördük. Bu da səbəbsiz deyil. Bir az uzun olacaq… "Neftçi"nin hansı kalibrda olan komanda olduğunu bilirsiz, böyükdür. Hətta heç-heçə belə bu komanda üçün uğursuz sayılır. Nə qədər izah etməyə çalışsan da ki, yeni komandayıq… Bu, reallıqdır. Qaçılmaz reallıqdır. Reallıq komandanın göstərdiyi oyundur. İlk gündən baxmayaraq ki, gözləntiləri qarşılamırdıq. Çempionlar Liqasında "Qalatasaray" 1:5 hesabıyla uduzdu. Məşqçinin dedikləri maraqlı gəldi. Nəyin üstündə durdu? Bəhanə kimi də qəbul etmək normaldır. Lakin siz bizim yanımızda, işimizin içində deyilsiniz. Baş verən prosesləri bilməyə bilərsiniz. Qısası, sizlik deyil. Bizlə deyilsiz deyə çox şeyi bilmirsiniz. Okan Buruk mətbuat konfransında dedi ki, yeni oyunçu ilə çıxmışıq. Adam düşünür ki, İlkay kimi oyunçu belə baş məşqçi üçün problemdir. Qınama olacaq. Təsəvvür edin, bizdə də 14-15 yeni oyunçu var. Reallığı qəbul etməliyik. Son matçlarda göstərdiyimiz yaxşı oyun var. Məğlub olursan, xal itirirsən, təzyiqlər başlayır. "Neftçi"ni istəməyənlər çoxdur. Hamı təzyiq etməyə başladı. Futbolçular da bunları görür. Onları situasiyadan çıxarmaq lazımdır. Rəhbərlik ilk gündən mənim, komandanın arxasında oldu. Bu, görmədiyim şey idi və buna görə danışmaq istəyirəm. Rəhbərlik lazım olandan artığını da etdi və bizi ayaqda saxladı. Mən və komanda adından qələbəni rəhbərliyə həsr edirəm. İnşallah, bu qələbə növbəti matçlar üçün təkan olar.
– Əvəzetmələr sanki həlledici oldu. Hər iki oyunçu qol vurdu. Öncədən planlaşdırılmış əvəzetmələr idi?
– Hansısa məşqçi deyirsə ki, bunu buraxacam və qol vuracaq, yalandır. Əvvəldən belə olacağını bilmirdim.
– Ağadadaş növbəti matçlarda daha çox şans alacaq?
– Bütün futbolçular şans qazanacaq.
– Əvvəlki oyunlarda da demişik ki, "Neftçi" matçlarda yaxşı oynayıb. Sadəcə bəzən deyirlər ki, belə komandalara bir qələbə çox kömək edir. Bugünkü qələbənin növbəti matçlar üçün əhəmiyyəti necə olacaq?
– Çox. Sanki çiynimizdən yük atmış olduq. Buna çox ehtiyacımız var idi. Penalti epizodumuz da var idi. Qaçırılan imkanlarımız oldu. Fikir verdinizsə rəqibə imkan vermədik. Neçə oyundur, rəqiblərə qol epizodu vermirik. Ötənilkinə baxanda bunları düzəldə bilmişik. Kollektiv şəkildə oynayırıq, uşaqlar canlarını qoyurlar. Doğrudan da yaxşı komandayıq.
– Okan Buruk 1:5-dən sonra söz verdi ki, pley-offa düşəcəyik. Siz bu gün nəyə söz verirsiniz?
– İndi nəsə söz verməyəcəm. Hər oyuna qələbə üçün çıxacağıq.
– İkinci qoldan sonra emosiya partlayışı yaşadınız. Maraqlıdır, Sessi Almeydanın epizodunda çılğın reaksiya verdiz. Mən epizodu penalti kimi gördüm. Xal itirmiş olsaydınız, epizodla bağlı fikirləriniz necə olardı?
– Nəyisə qəsdlə etmiş demək olmur. Əleyhinə olan epizodlar verilir, amma lehinə verilmirsə, adam şübhələnir. Mən də epizoda baxdım və penalti epizodu kimi düşündüm. Ancaq deyəcəklər ki, heç nə yoxdu. Çünki bu "Nefçi"dir. Hər oyunda matçın nəticəsinə təsir edən qərarlar olur. Bəlkə də, udmuşuq deyə sakitik. Diqqətli olmaq lazımdır. Xahiş edirəm, bizim oyunlarımızda diqqətli olsunlar.