"Qarabağ"ın futbolçusu Marko Yankoviç "Liverpul"la matçda uğurlu nəticəyə ümid edir. Sport24.az xəbər verir ki, bunu yarımmüdafiəçi özü UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Liverpul"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

 

O, qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

 

"Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu bizim üçün bir şərəfdir və burada olduğumuza görə xoşbəxtik. Sabah yaxşı oyun göstərəcəyimizə ümid edirik. Təbii ki, qarşı tərəfə hörmətimiz var. Onlar evdə çıxış edirlər, biz isə qonağıq. Sabahkı matçda uğurlu nəticəyə ümid edirik".

 

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.