"Mən hələ XIII turda "Difai Ağsu"ya 4 top fərqiylə məğlub olduğumuz oyundan sonra istefa vermişdim. Sadəcə, rəhbərliyin xahişini nəzərə alıb işimə davam etdim. Amma nə qədər çalışsaq da, vəziyyəti dəyişə bilmədik. Belə olduqda isə öz yerini başqalarına verib getməlisən". Bu sözləri Sport24.az-a açıqlamasında Rüfət Quliyev deyib.


"Araz Saatlı"nın sabiq baş məşqçisi uğursuzluğu maddiyatla əlaqələndirib: "Müasir futbolda maliyyənin güclü olması ən vacib şərtdi. "Araz Saatlı" yalnız AFFA-ın bəlli vəsaiti ilə ayaqda qalır. Həmin büdcə ilə də ciddi işlər görmək olduqca çətin, hətta mümkünsüzdü. Buna baxmayaraq, "Araz Saatlı" rəhbərliyi komandanı ayaqda saxlamaq və peşəkarlaşmaq yönündə çox işlər görürlər. Onların əziyyətini danmaq olmaz. Bundan sonra da uzaqdan-uzağa tövsiyə məsələhətlə kluba mənəvi dəstək verməyə hazıram. Onlara uğurlar arzu edirəm".


Rüfət bəy gələcək karyerası haqqında da danışdı: "5 yaşından futbol içindəyəm. Həyatımı futbola həsr etmişəm. Bundan sonra da futbolda qalıb məşqçi kimi sözümü demək istəyirəm. İllərdi A kateqoriyasına sahib məşqçiyəm. Hələki rəsmi təkliflər almamışam. Amma dəvətlər olsa, nəzərdən keçirib dəyərləndirəcəm".


Qeyd edək ki, I Liqanın XXIII turunda "Araz Saatlı" doğma meydanda "Karvan"a məğlub olduqdan sonra Rüfət Quıiyev rəhbərliklə qarşılıqlı razılıq əsasında baş məşçi postundan ayrılıb.

ABDULLA İSMAYILOĞLU