"Məğlub olsaq da, yaxşı oyun keçirdik. Hətta, hakimin final fitindən sonra baş məşqçimiz sərgilədiyimiz oyuna görə bizə minnətdarlığını bildirdi. Düşünürəm ki, nəticədə uduzduq, amma meydan üstün biz idik". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in futbolçusu Rüfət Abdullazadə deyib.


Abdullazadə saytımıza açıqlamasında öz çıxışı, qarşıdakı turlar və yeni mövsümdə "dənizçilər"in düşərgəsində qalıb-qalmayacağı barədə də danışıb: "Öz çıxışım haqqında nəsə deməyim, düz çıxmaz. Bu barədə məşqçilər korpusumuz qiymətləndirmə apara bilər. Amma ümumi götürəndə "Sumqayıt"la müqayisədə burda özümü daha rahat hesab edirəm. Əsas odur ki, Şahin müəllim mənə güvənir. Bu da meydanda mənə ayrıca motivasiya verir. Komandada qalıb-qalmamağa gəlincə, bu barədə hələlik nəsə danışmaq istəmirəm. Çempionat davam edir və qarşıdakı oyunlarımıza fokuslanmışam".

 

Qeyd edək ki, Premyer Liqanın XXXII turu çərçivəsində baş tutan "Sabah" – "Səbail" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

ABDULLA İSMAYILOĞLU