"Neftçi"nin Tovuz səfəri uzun illərdi futbolçusu olan Rəhman Hacıyev üçün sıradan deyildi. Axı, o, əslən Tovuzdandı. 30 yaşlı yarımmüdafiəçi çətin qələbə qazandıqları "Turan Tovuz"la matçdan sonra Sport24.az-ın Tovuza ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Sizin üçün gərgin, stressli bir matç oldu. Hər əyalət səfəri belədi, yoxsa Tovuz fərqlidi?

- Yox, çətin olacağını bilirdik. Üstəlik, meydança sintetik örtüklüdü. Təbii otdan süniyə keçmək çox çətindi. Yəni, bunu futbol oynayanlar bilir. Ağır səfər olduğunu bilsək də, bizə qələbə çox vacib idi. Çünki çox xal itirmişik və buna görə hər bir oyun bizim üçün çox vacibdi. Pis də oynaya bilərik, yaxşı da - önəmli olan 3 xaldı.

- İlk dövrə sona yaxınlaşır və xalınızı 10-a çatdırdınız. Bu nəticəni nə dərəcədə qənaətbəxş sayırsan? Çox xal itkisini nəylə əlaqələndirərdin?

- Belə deyim, yay təlim-məşq topanışına yeni baş məşqçimiz gec gəldi. Demək olar "sbor", hazırlıq keçmədik. Buna görə bir az vaxt lazımdı. İnanıram ki, ikici dövrədə çox yaxşı çıxış edəcəyik, qələbələr qazanacağıq.

- Bu inam nədən irəli gəlir?

- Futbolçulardan, komanda daxilində olan motivasiyadan, baş məşqçinin verdiyi məşqlərdən, danışığından bilirəm ki, inşallah, ikinci dövrədə hər şey çox fərqli olacaq.

- Baş məşqçi demişkən, Adrian Mutu necə bir məşqçidi?

- Çox yaxşı. İnsan kimi də doğrudan çox gözəl insandı. Dediyim kimi, vaxt lazımdı.

-  Onun siz futbolçulardan əsas istəyi, tələbi nədi?

- Taktiki gedişlər var ki, o haqda danışa bilmərəm. Ümumi formada desəm, təbii ki, qələbə istəyirik. Bundan əlavə, Mutunun oyun üslubu var ki, onu "otuzdurmalıyıq". Baş məşqçinin dediyini yerinə yetirsək, onsuz da qələbə, xallar qazanacağıq.

- İkinci mövsümdü rumıiyalı baş məşqçiylə işləyirsən. Regekampfla Mutunun necə müqayisə edərdin?

- Müqayisə yöndə danışmaq istəməzdim. Sadəcə, hər məşqçinin öz üstünlükləri, öz taktikası var. Hal-hazırda baş məşqçimiz Mutui olduğuna görə onun verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. 

- Meydana çıxdığından az sonra qələbə topunu vura bildiniz. Qələbədə özünü nə dərəcədə pay sahibi sayırsan?

- Komandam üçün əlimdən gəldiyi qədər kömək etməyə çalışıram. Yəqin ki, payım oldu, çox sevinirəm. Qol hücumunda iştirak edim. Düzdür, meydanda az oldum. Çünki zədə aldığımdan məşqlərə yeni başlamışam. Bir az vaxt lazımdı ki, ayağımıı bərkidim, gücləndirim, daha çox çıxış edim. Tam sağalmışam, düzdü, hələ də müalicə alıram. Lakin şükürlər olsun ki, ağrı yoxdu. Əsas da budu. 

- Tovuzlu futbolçunun Tovuzda meydana çıxması necə bir hissdi?

- Bura mənə doğma yerdi. Amma futbolda belədi ki, fərqi yoxdu, doğma yerdə də oynasan, komanda bir ailədi və onun nəticəsi üçün əlindən gələni etməlisən. Düzdü, ailəm Tovuzda yaşayır, sevirəm yurdumu - bu, öz yerində, başqa şeydi. Lakin bu gün oynadığın komanda üçün meydana çıxanda, qələbə üçün əlindən gələni etməlisən.

- Tovuzdakı qələbəyə doyunca sevinə bildin?

- Yox, o qədər sevinmərəm. Çünki adi götürək "Neftçi"dən icarəyə getməyimi, ona qol vuranda heç vaxt sevinməmişəm. Eləcə də doğma yerimə qol vuranda heç vaxt sevinmərəm. Sevinərəm nəyə - komandamın qələbəsinə. Amma o hisslə ki, tovuzluyam, Tovuzun komandasına qol vurdum - yox, elə şey bizə yaraşmaz

- Mutunun debütündə möhtəşəm qolundan sonra nəhayət, Rəhman Hacıyevin əsas heyətdə möhkəmlənəcəyi gözlənilirdi. Cari mövsüm bu, baş verəcəkmi?

- Zədə almamışdan qabaq bütün matçlarda demək olar heyətdə olmuşam. Allah zədədən qorusun. Özümə, baş məşqçimə güvənirəm. O da da sağ olsun, mənə güvənir. Çalışacam ki, Mutunun verdiyi tapşırıqları yerinə yetirim və öz potensialımı ortaya qoyum. Çünki özümə inanıram, rəqabəti sevən insanam və komandamın qələbəsi üçün çalışacam. 

- Bu mövsüm hədəfiniz çempionluq ola bilər?

- İnşalalh, hələ çempionat yeni başlayıb. Hələ heç nə haqda danışmaq olmaz ki, ay, çox aşağıdayıq. Nəticə baxımından nəsə demək bizim üçün də tezdi, azarkeşlər üçün də. Düzdür, hamı istəyir qələbə qazansın. Sağ olsun azarkeşlər, gəldilər o qədər yol, dəstək oldular. Bu, bizim üçün çox önəmlidi. Axıradək belə davam etsinlər. Biz də əlimizdən gələni edərək onları sevidirəcəyik ilk növbədə. İkinci növbədə də özümüzü.

 

 

MEHMAN SÜLEYMANOV, Tovuz