Bu gün "Neftçi"nin Müşahidə Şurasının (MŞ) iclası keçirilib ki, burda komandanın son 3 turda məğlubiyyətləri sıralaması müzakirə olunub, baş məşqçi Samir Abasovun hesabatı dinlənilib. Qurumun üzvü, veteran futbolçumuz Səməd Qurbanov toplantı haqda Sport24.az-a məlumat verərək, suallarımızı cavablandırıb.  

- Baş məşqçiyə zaman vermək o anlama gələ bilər ki, qış fasiləsinədək komandanı toparlamalıdı, əks təqdirdə vəzifəsindən göndəriləcək? 

- Belə vəziyyətdə baş məşqçini göndərmək bir az düzgün deyil. O, axıradək getməlidi. Zaman deyəndə ki, Samir, sən baş məşqçisən, toparla uşaqları, oynat, "Neftçi"nin adını özünə qaytar. "Neftçi" həminki "Neftçi" deyil, futbolçular nəsə ruhdan düşüblər. Abasova göstərişlər verildi ki, uşaqlarla söhbətləş, məsləhətləş. 

- Konkret hansı tapşırıqlar verdiniz baş məşqçiyə?

- Şəxsən mən çıxışımda bildirdim ki, komandanın liderləri var 4-5 nəfər - Emin Mahmudov, Sabir Buqrin, Sezar Meza Kolli, Vojislav Stankoviç. Onlar bir az sönük oynadılar bu 3 qarşılaşmanı. O liderlərlə danışmaq lazımdı. Hər halda, komandanın aparıcı qüvvələridi, toparlanmalı və gəncləri arxalarınca aparmalıdırlar. Hamısı deyildi, hamısı başa düşüldü. Yəqin, Samir də komandada yığıncaq edib, futbolçuların hamısını başa salacaq. 

- Abasov çıxışında komandanın uğursuz çıxışına əsas səbəb kimi nəyi göstərdi?

- O da həmin şeyi söylədi ki, başa düşüləsi deyil futbolçularda niyə belə ruh düşklünlüyü əmələ gəlib. Yəqin, bu, ya yorğunluqla bağlı ola bilər, ya da başqa şeylə. Yəni, problemi komandanı toparlaya bilməməkdə gördü. Dedi ki, bu "qara zolaq"dan çıxmaq lazımdı. Allahın köməyilə bundan çıxacaq futbolçularımız. Pis oyunçular da deyillər. Tək-tək götürəndə çoxundan yaxşıdırlar.

- Abasovun MŞ qarşısına hesabatı öz yerində. Bəs, siz bir veteran futbolçu, qurumun üzvü kimi hazırda "Neftçi"nin əsas problemini nədə görürsünüz? Yeri gəlsə, "Qarabağ" da 0:4 uduzmamalı idi, ancaq münasib rəqibləri olan "Keşlə" və "Sabah"la hesabda irəli olduğu matçlarda niyə məğlub olsun ki?

- Müdafiə xəttimiz çox zəif çıxş elədi. Özlərinə, "Neftçi"yə yaraşmayan səhvləri buraxdılar. Bunun nəticəsində rəqiblər bizə qol vurdular. Bundan sonra da futbolçularımız həvəsdən düşdülər, toparlaya bilmədilər özlərini. Çox axmaq qollar buraxdıq. Şuramızdakılar çıxış elədi - sədr Çingiz Abdullayev, üzvlər Zaur Qəhrəmanov, Cəbrayıl Cəbrayılov. Bundan əlavə, klubun prezidenti və vitse-prezidenti - Kamran Quliyevlə Elnur Eyvazov da. Hamımız uğurlar arzuladıq komandaya. 

- Yəni, belə çətin anda baş məşqçiyə dəstək göstərdiniz...

- Bəli, mənə elə gəlir ki, bu məqamda baş məşqçini dəyişmək doğru olmaz. Qarşıda 2 ev oyunu var - "Səbail"lə və "Sumqayıt"la. Başsız komanda necə olacaq? Ürək-drək verdik ki, qış fasiləsinədək hələ 3 matç, daha sonra da oyunlar var. Bundan əlavə, irəlidə Kubok mübarizəsi olacaq. Belə məqamda baş məşqçini "sındırmaq" olmaz. 

- Bəs, Abasovla uğursuz çıxış davam edərsə, sizcə, qış fasiləsinədək yeni baş məşqçini gətirməyin yeri varmı? Bu məsələ şuranızda müzakirə olundumu?

- Yox, o haqda müzakirə olunmadı. Yəni, bundan o yana yol yoxdu da. Bilirsiniz necədi, artıq Samir gərək futbolçuları yığsın başına, bir yumruq kimi birləşsinlər.

- Çempionat hələ yarılanmasa da, "Neftçi" "Qarabağ"dan artıq 9 xal geri qalır. Sizcə, komandanızda o güc var ki, toparlanıb çempionluq mübarizəsində sonadək olsun?

- Keçən mövsüm də 8-9 xal qabaqda idi "Qarabağ". Ancaq sonda "Neftçi" keçdi onu, 1-ci yeri götürdü. Nə var burda ki? "Qarabağ"la hələ 2 oyunumuz qalıb. Ud, gəlib çatırsan da...

- Bu "Neftçi" çempion "Neftçi"dən daha güclüdü, yoxsa..? Qalib ruhu varmı hazırkı komandanızda?

- Bu planda bir düşkünlük var. Amma mənə elə gəlir ki, həmin ruh qayıdacaq onlara bu iclasdan. Allahın köməyilə noyabrın 27-də görək necə olacaq, həmin oyunu göstərəcəklər, ya yox. Mənə elə gəlir ki, göstərəcəklər. 

- Abasov "Neftçi"də yerli futbolçuların "Qarabağ"dakılardan zəif olmasıyla bağlı açıqlaması geniş rezonans doğurdu. Sizcə, Namiq Ələsgərovla Anton Krivotsyukun gedişindən sonra bu planda boşluq, "axsama" varmı?

- Yox. "asxayıb" eləmir. Namiqlə Anton kimi, onlardan da yaxşı futbolçularımız var. Sadəcə, 4-5 lider gəncləri arxalarınca aparmalıdırlar. Fikir verin "Qarabağ"a, Abdullah Zubirin yanında gənc Toral Bayramov çıxış edir, görürsünüz onu necə oynadır. Toral Zubirin yanında püxtələşib. Bizim də liderlərin yanına o cavanlarımız püxtələşməlidi. 

- Yəni, akademiyanızın yetirmələrində o potensialı görürsünüz...

- Bəli, görmüşəm oyunlarda. Sadəcə, meydana çıxanda bir az qorxaqlıq yaranır, bir az özlərini itirən kimi olurlar. Ancaq sonra görürsən ki, açılırlar. O potensial var uşaqlarımızda. 

- Son turda hücumçunuz Miravdulla Abbasovun azarkeşlərlə insidenti də yaddaqalan oldu. Bu, xoşagəlməz mənzərəni necə şərh edərdiniz?

- Kənardan doğrudan pis görünür. Amma yəqin ki, futbolçuya çox pis söyüş olub. Mirabdulla da ki, çox ağıllı-kamallı, tərbiyəli uşaqdı. O, elə şey eləməz. Gör, necə ağır söz olub ki...Ola bilər belə olsun, nə deyildiyini eşitməmişəm. Hər halda, olub ki, o da cavab qaytarıb. Olmasaydı, cavab qaytarmazdı.  

- "Neftçi"dən hər zaman çempionluq gözlənilib. Azarkeşlərin hazırda komandaya qarşı münasibətini, aqressiyasını necə qarşılayırsınız? Onlar haqlıdırlar?

- Komanda uduzanda, əlbəttə, haqlıdırlar. "Neftçi" xalqın, azarkşelərin komandasıdı. Xalq, adı, azarkeşlər üçün oynamalıdı ki, onlar ona dəstək olsunlar. Üç turdu ardıcıl uduzurlar, azarkeşlər də oyun, udmaq tələb edirlər. Qışda soyuqda, yayda istidə stadiona gəlirlər, daim komandanın yanında olurlar. Onlar həmişə istəyirlər ki, "Neftçi" yüksəklikdə olsun. Azarkeşləri də başa düşmək lazımdı. Yəqin ki, 1-2 oyundan sonra hər şey öz qaydasına düşəcək. 

- Yəni, "Səbail"lə qarşıdakı ev matçı "Neftçi" üçün dönüş nöqtəsi olmalıdı?

- Ardından "Sumqayıt"la ev matçı var, sonda isə Qəbələ səfəri. Qarşıdan Kubok oyunları da gəlir. Yəqin ki, bu turnirdə daha yaxşı oynayacaq onu qazanmaq üçün. İnanıram ki, "Neftçi" yenidən uğurlu çıxış edəcək. Əsas liderlik, 1-cilikdi. Bu mənada "Neftçi" çempionluq titulunu qorumalıdı. Əsas 1-ciliyi əldən verməməkdi. Kubokda da yüz faiz yaxşı oynamaq lazımdı.

- "Neftçi" çempionluqdan sonrakı mövsümdə 2-ci yeri tutsa, bu uğursuzluq sayılacaq?

- Yox, 2-ci yer də uğur sayıla bilər - Kuboku alsalar. 

- Ancaq hələ 2-ci pilləni qaytarmaq lazımdı, çünki "Qəbələ" hazırda 4-cü pillədə olan "Neftçi"dən 4 xal irəlidədi...

- Yox, baxmayın, heç nədi 4 xal. 1 oyun udur, rəqibi də uduzur, gəlir çatır ona. Ortada "Sabah" nümunəsi var - 2-3 oyun udursan, son pillədən gəlisən 5-ci yerə çıxırsan. 1-2 matç udsan, gəlib liderə çatacaqsan. Bu çətin anda yalnız toparlanmaq, kollektiv oyunu göstərmək, bir komanda olaraq yumruq kimi birləşmək lazımdı. 

 

 

MEHMAN SÜLEYMANOV