Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun "Liverpul" – "Qarabağ" oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Əfsuslar olsun, böyükhesablı məğlubiyyət oldu. İstəməzdik. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm. 8 oyunu təhlil etsək, gəldiyimiz yola baxsaq, çox əziyyət çəkdik, risk etdik. Azından pley-offa vəsiqəni haqq etdik. Bu gün daha yaxşı oynaya bilərdik. Oyunumuz bu deyil. Daha yaxşı komandayıq. Hər bir halda, layiqli məğlub olduq. Amma layiqli də "24-lük"də olduq. Futbolçuları və xalqımı təbrik edirəm. Çox gözləyirdilər ki, "24-lük"də olaq. Oyunlar getdikcə daha qəlizləşir, rəqiblər güclənir. Qarşıda daha böyük oyunlar var. Çalışacağıq ki, qarşıdakı oyunlara düzgün hazırlaşaq. Həmkarım Slotu və komandasını təbrik edirəm.
– Potensial rəqiblər məlumdur. Fikirləriniz nədir?
– Gözləyəcəyik. Hər ikisi (PSJ və "Nyukasl") özünəxas oyun üslubu ilə seçilir. Hansı düşsə, çalışacağıq, daha diqqətli olaq, yaxşı hazırlaşaq.
– Bu matçdan hansı nəticəni çıxarardınız?
– Daha yaxşı oynamaq. Futbolçularımı başa düşürəm. 8 komanda arasında rahat rəqibimiz yox idi. Geridə qalan oyunlarda çox enerji sərf etmişdilər. Həm də ola bilsin, arxayınlıq var idi. 10 xalla 90-95 faiz "24-lüy"ə düşmüşdük. Hər bir halda, bu stadion, bu komandanın təsiri oldu. Bir daha oynasaq, daha yaxşı oynayarıq, buna əminəm. Futbolçularla oyunsonrası danışanda da dedik ki, bundan yaxşısını etməyə layiqik.
– Futbolçular pley-offu qeyd edirlər, ya məyusdurlar?
– 50/50.
– Meydanda məyus idilər…
– Normaldır. Özləri də qəbul edir ki, daha yaxşı oynamalı idilər.