Misli Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" – "Qarabağ" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Belə nəticəni gözləyirdim. Komandam həddindən artıq böyük güc sərf edib. Bəzi futbolçular tam hazır deyildi. Bunu görürdük. Problemlərimiz oldu. Bu oyun bizə böyük fayda verəcək. Rəqibin gücünü, istəyini gördük. Çox ciddi hazırlaşan komandadır.
– Montielin durumu necədir? Sanki onun meydanı tərk etməsindən sonra meydanda fərqli oyun gördük. Həlledici məqam kimi bu məcburi əvəzetməni deyə bilərik?
– Montiel üçün sıx qrafikdə oynamaq çətindir. Hələ tam formada deyil. 3-4 gündən bir oynamağa tam hazır olmayıb. Oyunun qırılma nöqtəsi kimi bunu deyə bilmərəm. Lakin meydanda olması bizimçün üstünlük olardı. Onun kimi usta futbolçunun yoxluğu çatışmazlıqlara səbəb olur. Məğlub olmuşuq, kimdəsə səhv axtarmaq istəmirəm.
– Marko Yankoviçin yaxşı oynaya bilməməsi nə ilə bağlı idi?
– Yankoviç dünən yüngül zədə almışdı.
– Bu matçdan sonra ürəyinizdə çempion dəyişə bilər ehtimalı artdımı?
– Həmişə bu fikir olur. Dünya futbolunda da dəyişikliklər olur. Bu gün qarşımızda böyük işlər görmüş klub var. Gələcəyə böyük yatırım sərf ediblər, planları var. Belə klublardan nəticələr gözləməliyik. Daha ciddi, diqqətli olmalıyıq.
– "Sabah" bu oyun, heyətlə Avropada nəsə edə bilər?
– Bugünkü "Sabah" bəli. Çempionluğa oynayırlarsa, Avropada nə üçün nəticə verə bilməsinlər? Hamımız buna sevinərik. "Sabah"ın Avropa təcrübəsi olan məşqçisi də var. Onlar addım-addım yaxşı işlər görürlər.