Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Nyukasl" – "Qarabağ" oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az  xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

 

– Futbolçularıma təşəkkür etmək istərdim. Maraqlı mövsüm keçirdilər. Hər birindən çox razıyam. Göstərdikləri oyuna, performansa, xarakterə görə. Son oyunumuzda da özlərini maksimum yaxşı göstərdilər. Bakıdakı oyundan sonra psixoloji hazırlıq çətin idi. Hissənin əvvəlində buraxılan qollara baxmayaraq, oyundan qopmadılar. "Nyukasl" fanatlarına da təşəkkür edirəm, bəzi anlarda bizə də dəstək olurdular. Bakıya gələn fanatları da çox razı qayıtmışdılar. Öz fanatlarımız da təşəkkür edirəm, bu marafonda yanımızda oldular, dəstək göstərdilər. Çalışdıq onları sevindirək. Onlar üçün böyük futbolun nə olduğunu göstərdik.

 

– Builki ÇL yolunda komanda üçün əsas dərs nə oldu?


– Hər matç böyük təcrübə idi. Böyük klublara qarşı oynadıq, fərqli oyun sistemlərində oynayan rəqiblərlə üz-üzə gəldik. Hər matç rəqibə fərqli yanaşırdıq. Bizim üçün böyük təcrübə ingilis komandalarına qarşı oynamaq oldu. İngiltərə futbolu bu gün Avropa futbolundan çox fərqlənir. Futbolçuları belə oyunlara hazırlamaq böyük təcrübə idi. Daha yaxşı oyunlar keçirmək istərdik. Amma mümkün qədər özümüzü yaxşı tərəfdən göstərə bildik. Məncə, bunlar tez yaddan çıxmayacaq. Futbolçular fiziki və psixoloji çox yoruldular. Buna baxmayaraq, qarşımıza qoyduğumuz məqsəd maksimum olub və çalışdığımız qədər irəli getməyə çalışdıq. İndi tez toparlanmalıyıq. Komandanı, özümüzü sağlam vəziyyətə gətirməli, yaxşı fikirləşməliyik ki, qarşıdakı oyunlarda, illərdə uğurlu iş görək.

 

– Beşli müdafiəyə başladıq. Amma sanki bu müdafiənin önündə problem var idi. Bu məsələni necə həll etməyi düşünürsünüz?


– Hər komandanın öz üslubu var. Qarşımıza qoyulan birinci məqsəd sistemimizi qorumaq, daha yaxşılaşdırmaqdır. Bəzən qarşımızda elə rəqiblər olub ki, taktiki, fiziki daha güclü olur. Belə anlarda dəyişikliyə əl atmalı oluruq. Buna görə Bakıda və burda beşli müdafiəni seçdik. Hər sistemi dəyişmək üçün ona uyğun oyunçuların sayını artırmaq lazımdır. Bugünkü nəticələrimizi öz sistemimizlə qazanmışıq. Görsək ki, belə oyun qarşıdakı Avropa matçlarında çətinlik yaşadır, dəyişikliklər edə bilərik.

 

– Standart vəziyyətlərdən qollar buraxırıq. Bununla bağlı planınız nədir?


– Bu, daha çox rəqibin gücüdür. Hazırlıq görürük, məşqlərdə rəqibin etdikləri bəzi standart vəziyyətlərə çalışırıq, amma real baxmaq lazımdır. Rəqib bizdən üstün idi. Bu, onların güclü tərəfidir. Fərqli-fərqli standartlar yerinə yetirirdilər. Belə komandalara qarşı oynamaq çətindir. İngiltərə klubları standart vəziyyətlərdə daha güclüdür. Ümumiyyətlə, bütün dünyada bu dəqiqə standartlar qələbələrin 30 faizidir. Çox komandalar qələbələri məhz belə qollarla əldə edirlər. Bu gün tək standart vəziyyətlərdə yox, ümumi futbolun strukturunda geridəyik. Avropada futbol sürətli inkişaf edir. Bunlara diqqət edir, möhkəm olmağa çalışırıq.

 

– Gələcəkdə belə komandalara qarşı nəsə etmək mümkündür?


– Biz bir addım irəli getməyi bacarırıqsa, Avropa futbolu daha çox irəli gedir. Onlar daha sürətlə inkişaf edir. Bəzən analizlər edirik, əvvəl futbolda bu qədər detallar yox idi. Bu gün elə klublar, komandalar formalaşıb ki, hər epizoddan maksimum yararlanır. İstər standartlar, istər aut, istər kornerlər, istər əks-hücumlar… Hamısı sürətli inkişaf edib. Elm kimi futbol da inkişaf edir. Bu ölkələr futbola böyük yatırımlar edir. Futbol o deyil ki, 11 nəfər meydana çıxdı, oynadı. Vacib o qədər detallar var ki. İnfrastruktur, bərpa, sağlamlıq və s. Çox geridəyik. Buna baxmayaraq, futbolçularım qəhrəmanlıq göstərdilər. Həmişə cəsarətli olmağa çalışmışıq. Bunu bacardıq. Bəlkə, rəqiblər bizdən bu cəsarəti gözləmirdi. Sonda Azərbaycan reallığında belə uğur qazandıq, böyük təcrübə topladıq.