Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" – "Şkendiya" oyunundan (5:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Vacib qələbə qazandıq. Stadionda yaxşı atmosfer var idi. Oyuna gəlincə, futbolçuları təbrik edirəm. Bundan daha yaxşı olmalıyıq. Yaxşı, bolqollu oyun oldu. Azarkeşlərin gözlədiyi kimi matç keçdi. Rəqibə uğurlar arzu edirəm.

 

– Oyundan əvvəl belə hesablı qələbə gözləyirdiniz?


– Düşünməyi deyə bilmərəm, amma istəyərdim. İstənilən oyunda çoxqollu matç ola bilər. Əsas olan keyfiyyətli oynamaq, minimum imkanlardan maksimum istifadə edə bilməkdir.

 

– Hikmət Cəbrayılzadənin oyunu haqda nə deyə bilərsiniz?


– Hikmət bir neçə aydır, bizimlədir. Akademiyamızdan məşqlərə oyunçular cəlb edirik. Potensiallarına baxırıq. Hikmət gəldiyi gündən bacarığını göstərir. Düzdür, hələ çox çalışmalıdır. Qarşıdakı oyunlarda da şans qazana bilər. Əsas odur, özü işgüzar olsun, futbolu düşünsün.

 

– Bu oyun sizə "Lex"lə matçı xatırlatdı?


– Bəzən belə oyunlar olur. Qol buraxanda sonra qalib gələ bilmək vacibdir. Futbolçuların özlərinə inamı artır. Amma açığı "Lex"lə oyunu xatırlatmadı.

 

– Sami Mmaenin oyunu haqda fikirləriniz nədir?


– Onun oyunu cəlbedicidir. Lazım olan anda lazım olan yerdə olur. Oyunu idarə etməyi bacarır. Ondan razı qaldım. İdman formasından uzaq olsa da, məşqlərdə çox çalışır, istəklidir.

 

– Yankoviçin qayıdışı, Kadinin öz mövqeyinə dönməsi oyun planına hansı təsiri etdi?


– Bütün oyunçuların sağlam olmasını istəyirəm. Hər oyunçunun öz keyfiyyəti var. Bir neçə il birlikdə oynayanlar bir-birilərini yaxşı tamamlayır. Təcrübə, ustalıq belə matçlarda önəmli olur.

 

 Növbəti mərhələdə hansı rəqib münasib olardı?


– Bu haqda düşünmürəm. Arzuladığım rəqib yoxdur. Kim düşsə, oynayacağıq.

 

– Premyer Liqada ilk turun "Sabah"la oyununun təxirə salınması komandaya mənfi, ya müsbət təsir edəcək?


– Hansısa təsirin olacağını düşünmürəm. Oyunlar arasında vaxt məsələsi var. Ona görə təxirəsalınma texniki nüansdır. "Sabah"a da avrokuboklarda uğurlar arzu edirəm.

 

– Rəqibin boşluqlarını hansı anda gördünüz?


– Hücumlarımız daha sürətli idi. 2-ci qoldan sonra rəqib motivasiyadan düşdü. Bu onlara təsir etdi. Cinahlardan keyfiyyətli hücumlar qurmağa çalışırıq.

 

– Komanda yaxşı nəticə əldə etsə də yenə təzyiqlər, tənqidlər var. Sanki ölkə futbolunun yükü "Qarabağ"ın çiyinlərindədir. Belə halda oynamaq çətin olmur?


– Yük varsa, deməli, işlər də keyfiyyətli olmalıdır. Dərindən düşünməli, aktiv olmalısan. Digər klublarımızın Avropada mərhələ adlamasını istərdim. "Sabah"ın şansları var. Onlara uğurlar arzu edirəm. İllərdir, eyni proseslər demək olar, gedir. Azərbaycanlıların hər sözü, tənqidi mənə xoşdur. Bu, bizi daha məsuliyyətli olmağa çağırır. Nə qədər gücümüz var, çalışacağıq.

 

– Çempionatda 3 komanda Şamaxıda süni örtükdə oynayacaq. Çempionatın gedişində belə meydançalarda çox oynamaq Avropadakı matçlarınıza necə təsir edəcək?


– Çox təsir edəcək. Tək meydança deyil, azarkeş məsələləri də var. Başqa ölkələrdə çempionat oyunlarında hər oyunda yaxşı azarkeş atmosferi olur. Bu, futbolçulara da təsir edir. Süni örtüklü meydançalar minusdur. Oyun keyfiyyəti, futbolçu həvəsi aşağı düşür. Bunlar da həm inamsızlığa gətirir, həm də zədələrə yol açır. Bu, böyük problemdir. Təsəvvür edin, avrokubok matçlarından sonra oyunumuz süni örtüklüyə düşsə və günorta oyunlar olacaqsa, bizimçün zərbədir. Əfsuslar olsun, bu gün belədir
Həmişə gələcəyə pozitiv baxmalıyıq. Hər dəfə bunu deyirik, daha yaxşı olar. Azından komanda sayı artdı. Amma 3 komandanın eyni süni örtüklü meydançada oynaması mənfi haldır. Çalışacağıq, maksimum ehtiyatlı olaq.

 

– Dani Boltun sonradan oyuna daxil olması nə ilə bağlıdır?


– Zədədən yeni qayıdıb. Formasını yavaş-yavaş bərpa edəcək. Həmin mövqedə Mateus Silva ilə böyük rəqabətdədirlər.

 

– AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Problemləri orda qabarda bilərsiniz. Sizcə, orda sizi bu məsələdə dinləyərlərmi?


– Məsələni qaldırmağa ehtiyac yoxdur. Bunu orada olan hamı bilir. Komandalara güzəşt müddəti verilib. Məsələ hər iclasda müzakirə olunur. Bununla bağlı işlər görüləcək. Ümid edirəm ki, klublar tərəfindən bunlar edilər.