Azərbaycanda iz buraxmağı bacaran azsaylı əcnəbilərdən biri, onların arasında da "best of the best" olan Roman Qriqorçuk "Qəbələ" ilə ardıcıl 2 mövsüm Avropa Liqasında yazdığı tarixi uğurla adını ölkə futbolumuzda daimi əbədiləşdirdi. Hazırda Vətəni Ukraynada "Çernomorets"i çalışdıran 59 yaşlı mütəxəssis Sport24.az-a verdiyi müsahibədə həm keçmiş komandası barədə fikirlərini bölüşdü, həm Gürcüstan nümunəsindən danışdı, həm də Azərbaycan Premyer Liqasında işlədiyi dönəmdə əsas rəqibi Qurban Qurbanovun istər "Qarabağ"dakı işləri, istərsə də İcraiyyə Komitəsində yer alacağına dair rəy bildirdi.


- Çempionatımızı izləyirsiniz?
- Oyunlara baxmıram. Ancaq nəticələrdən xəbərdaram. Son baxdığım "Qarabağ"ın "Bayer"ə qarşı oyunları idi.


- Bəyəndiniz?
- Bu oyunlara görə Qurbanı təbrik edirəm. "Bayer" kimi nəhəngi bu kökə salmaq... Hər iki görüşdən böyük zövq aldım, Qurbana və komandasına görə sevindim.


- Çempionatımızdakı nəticələrdən xəbəriniz olduğu üçün Elmar Baxşıyevin sabiq komandanızdan istefaya göndərilməsi barədə də eşitmiş olarsınız...
- Elədir ki, var. Komanda Kaxaber Tsxadadzeyə həvalə olunub. Həm məşqçiyə, həm klub prezidentinə, həm də bütövlükdə "Qəbələ" camiəsinə düşdükləri ağır durumdan çıxmağı arzulayıram.


- 11 xallıq fərqi 9 tura aradan qaldırmaq? Heç məşqçilik praktikanızda belə halla rastlaşmısınız?
- İndiki halda rastlaşıb-rastlaşmamağım önəmli deyil. Olmayıb heç vaxt? İndi olar! Onsuz da hər şey nə zamansa ilk dəfə baş verir.


- Belə bir vəziyyətdə şəxsən siz hansı xətti seçərdiniz?
- "Oyundan oyuna" xəttini. Komandamı hər növbəti matça final kimi çıxarardım. Birini uduruqsa, növbətiyə hazırlaşırıq. Rəqiblərin nəticələrinə qətiyyən baxmazdım. Turnir cədvəlinə də son turdan sonra baxardım. Şans varmı? Kağız üzərində şans qalırsa, deməli, sonadək oynamalısan.


- "Çernomorets"lə müqavilənizin müddəti nə vaxt başa çatır?
- Yayda. Necə bəyəm?


- Milli komandamızın baş məşqçi postunun əcnəbiyə tapşırılacağı gözlənilir...
- (sözümü ağzımda kəsir) Mən də baxımlı futbol fəlsəfəsinə sadiq insanam. Sizin də "gizli ötürmə" bacarığınıza hələ Azərbaycanda işləyəndən bələdəm. Belə gedişlərinizə çoxdan hazıram (gülür). Bu kresloya dair sualın özümə aid hissəsində "susmaq qızıldı" deyimini rəhbər tutacam. Bir onu deyə bilərəm ki, Azərbaycana hər zaman uğur diləyəcəm. Artıq Gürcüstanın timsalında əla stimulunuz da yaranıb. Çox istərdim ki, ölkənizin milli komandası da bu cür böyük turnirlərin iştirakçısı olsun.


- Hesab edirsiniz ki, şans var?
- Avropada 50-dən bir qədər çox milli komanda var. Bunlardan da 24-ü, az qala yarısı, final mərhələsinə vəsiqə əldə edir. Əminliklə deyə bilərəm ki, Azərbaycanın şansı yox deyil.


- Heç vaxt millidə çalışmayan Qriqorçuk ümumiyyətlə, istəyərmi hansısa ölkənin 1 nömrəli komandasının "sükanı arxası"nda olmaq?
- Son üç ilə qədər bu suala mənfi cavab verirdim. Hesab edirdim ki, mənimki klubdu. Ancaq son 3 ildə fikrimi dəyişmişəm, milli komandanı çalışdırmaq istəyərdim. Ancaq xahiş edirəm, onu da qeyd edin ki, bu cavabımda "Azərbaycan millisini çalışdırmaq istəyirəm" oxunmasın.


- Bu arada AFFA-da da nəzərəçarpacaq dəyişikliklər baş tutacaq. İstər prezident səviyyəsində, istərsə də İcraiyyə Komitəsinin üzvləri...
- İnanmaq istəyirəm ki, bu, futbolunuzun inkişafına nəzərəçarpacaq təkan verəcək. Tanıdıqlarımdan kimsə olacaq İK-da?


- Qurban Qurbanov.
- Bu ki, əladı! Qurban "Qarabağ" modeli ilə necə bir peşəkar olduğunu isbatlayıb. Onun hər sözünü eşitmək lazımdı. Həqiqətən sevindim!


- Sonda sizi 60 yaşınıza keçmək münasibəti ilə təbrik etmək istəyirəm.
- Çox sağ olun. Bir qədər yaşımın artmasına heyfslənirəm, amma həyatdı da. Çox sağ olun ki, unutmursunuz. Saytınız vasitəsi ilə bütün oxucularınıza Azərbaycana sevgimi çatdırıram. İnanmaq istərdim ki, bir gün yenidən bu gözəl ölkədə işləmək nəsibim olacaq.


CEYHUN ƏLİYEV