"Qarabağ" Premyer Liqanın XXXIII turunda "Neftçi"yə 5:0 hesabı ilə qalib gələrək məhsuldarlıq seriyasını davam etdirib. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ardıcıl 13-cü ev oyununda 2 və ya daha çox qol vurub.

 

Ağdam klubunun 2 qol vura bilmədiyi son qonaq "Kəpəz" olub. 2023-cü il avqustun 27-dəki görüş 1:1 hesabı ilə başa çatıb.

 

Həmin matçdan sonra "Qarabağ" "qonaqpərvərlik"dən uzaq olub. Qurbanovun komandası "Sabah"a 2:0, "Sumqayıt"a 5:0 və 2:0, "Kəpəz"ə 7:1, "Səbail"ə 3:1 və 4:2, "Qəbələ"yə 3:0, "Neftçi"yə 2:0 və 5:0, "Araz-Naxçıvan"a 3:1, "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. "Sabah" və "Qəbələ" ilə heç-heçələr də məhsuldar alınıb – müvafiq olaraq 3:3 və 2:2. 13 matçlıq seriya müddətində ağdamlılar rəqiblərini 44 qola qonaq ediblər.

 

Avropada yalnız üç komanda daha amansız ev sahibidir. "Sportinq" Portuqaliyada, "Vikinqur" İslandiyada, TNS Uelsdə qonaqlara qənim kəsilib. Hər üç komanda ardıcıl 14 oyundur öz meydanında 2-dən az qol vurmur. "Qarabağ"ı bu Avropa rekordundan bir görüş ayırır.

 

Qeyd edək ki, Azərbaycan çempionu mövsümdəki son ev görüşündə "Turan Tovuz"u qəbul edəcək.