"Qarabağ" Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə Azərbaycan çempionatının ilk turundakı matçı təxirə salınacaq. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

 

Ağdam təmsilçisi pley-off mərhələsinə yüksələcəyi halda beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), avqustun 17-də "Bank Respublika Arena"da baş tutmalı olan "Sabah" - "Qarabağ" oyunu təxirə salınacaq.

 

Qeyd edək ki, Qurban Qurbanovun komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) ilə ilk matçında 1:0 hesablı qələbəyə sevinib. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

 

Pley-off mərhələsinə adlayan komanda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun ilk oyunları 19-20 avqustda, cavab qarşılaşmaları isə 26-27 avqustda keçiriləcək.