Üstündən 3 gün keçsə də, hələ də əksəriyyətə yuxu kimi görünən qələbənin eyforiyasından ayıla bilmirik. Bəlkə də ayılmaq istəmirik. Bu 3:2-nin arxasında hansı titanik zəhmətin dayandığını sözlə ifadə etmək mümkün deyil. Mən Portuqaliya təmsilçilərinin necə əzmkar olmasına 40 ildən artıqdı şahidlik edirəm. 


Xüsusilə, nəhənglırinin: istər "Portu" olsun, istər "Sportinq", istərsə də "Benfika". Və həmin gecə ilk 16 dəqiqədən sonra "Benfika"nın 2 asan qol vurması bizə 2 bənzər ssenarini xatırlatdı: ağdamlıların U-19 komandasının bir neçə saat öncə 1:7 hesablı məğlubiyyətini və 8 il əvvəl Çempionlar Liqasının qrup mərhəlısinin ilk matçında "Çelsi"nin "süvarilər" üzərində 6:0 hesablı qələbəsini. Ancaq "Qarabağ" dəyişib, özü də necə dəyişib!? Ən sıravi işçisindən zirvəsindəki fiqurlaradək.

 

Hələ seçmə mərhələlər start götürməmişdi, əksəriyyət "Qarabağ" güclənməlidi" şüarını səsləndirirdi. Ancaq hansı mövqelərdə, kimlərlə güclənməli olmasına dair neçə insan rəy bildirirdisə, bir o sayda da fərqli fikirlər eşidilirdi. Yeganə ortaq məxrəc hücumçu mövqeyi ilə bağlı idi.

 

Bəs real durum nə tələb edirdi?

 

Klub prezidenti Tahir Gözəl cari mövsüm üçün ən yüksək büdcəni ayırdığını bildirməklə əla bir müjdə verdi. Lakin günlər ötür, ağdamlılar isə transfer etməyə tələsmirdi. Söhbət mərkəz hücumçusu mövqeyindən gedirdi.

 

Nəhayət, ÇL-in Liqa mərhələsinə sifariş ərizəsi də verildi, amma "Qarabağ"dan səs çıxmadı. Baş məşqçi 3, 4, 5 milyona da oyunçu istəsəydi, onun dediyi baş tutacaqdı. Çünki Qurban Qurbanov öz peşəkarlığı ilə bu etimadı qazanıb. Lakin 53 yaşlı mütəxəssis belə qiymətə (haqlı olaraq) oyunçu istəmədi. Bu cür hal yaşanacağı təqdirdə komandaxili balans pozulacaqdı. Çünki 3-5 milyon avroluq forvarda yadplanetli kimi baxılacaqdı. Komanda yoldaşları onu qısqanacaqdı və belədə, çıxış yolu kimi ya digər futbolçuların məvacibləri də kəskin qalxmalı, ya da "yadplanetli" yola salınmalı olacaqdı. Lakin büdcəni 50-60 milyon avroya qaldırmaq intihar anlamına gəlir. Bax, buna görə də "ayaq" və "yorğan" nəzərə alındı.

 

Daxili mühitin şəffaf və sağlam olması yönündə heç şübhəsiz ki, aysberqin zirvəsinə baxmaq lazımdı. Həmin zirvədə Tahir Gözəl oturub. Həmin şəxs ki, illərdi klub idarəetməsində nəinki ölkəmizdə, Azərbaycanla sərhəddi olan bütün dövlətlərin klub rəhbərləri arasında şəriksiz lider olmasını əyani göstərib.

 

Dünyada çoxmu rəhbər sahibi olduğu klubun ardıcıl 12 il avrokubokların qrup və Liqa mərhələlərində iştirak hüququ əldə etməsinə nail olub!? Özü də unutmayaq ki, ölkəmizdə klub saxlamaq məsrəf deməkdi, biznes yox! Bəli, hansısa illərdə "Qarabağ" mövsümü müsbət saldo ilə bağlayıb. Bəs digər mövsümlərdə?

 

Bununla yanaşı, daha bir acı faktı diqqətinizə çatdırmaq istəyərdik. Azərbaycanda "Qarabağ"ın büdcəsindən az olmayan nə qədər klub tarixin yaddaşına köçüb!? Deməli, idarəetmə klubun ən vacib qoludu. Özü də bu qolda pulun miqdarı heç də həlledici deyil. Bir-bir büdcələri məhv edilən klubların adlarını çəkməklə yenilik gətirmiş olmarıq və bu səbəbdən də adlarını çəkib əhvalınızı korlamaq istəmirik. Ancaq fakt budu ki, ölkə daxilində hansısa dekorativ nəticələr qazanmaqla gözə kül üfürməyə çalışanlar "Köhnə qitə"də daim biabırçılıqlarla yadda qaldı.

 

Bəli, nə "Qarabağ", nə də Tahir Gözəl qüsursuz deyillər. Ancaq adamın yaratdığı mühərrik daim başımızı uca edir. Və nə qədər qəribə səslənsə də, komandasının  uğurları zamanı üzə çıxmağa meyl etmir. Bəs nə vaxt səsi gəlir "Qarabağ"ın prezidentinin? Ölkəmizdə futbol akademiyası tikmək istəyəndə. İllərdi media önünə çıxanda "bizə ərazi versinlər, gözəl bir akademiya inşa etdirim" deyir… deyir… deyir… deyir e, amma müvafiq strukturlar üzünə gülsələr də, heç bir yardım göstərmirlər. Hərçənd, bu akademiya Azərbaycan futbolu üçün lazımdı, bilavasitə Tahir Gözələ yox.

 

Bu yazı "Qarabağ"ın prezidentinin haqqıdı. Ona görə haqqıdı ki, 3 gün əvvəl gecə saat 1-də milyonlarla insanı birləşdirən qələbənin arxasındakı lay divardı. O lay divar ki, 11 ildi futbolumuzun qürur mənbəyinə çevrilib.