Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Zirə" – "Sumqayıt" oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– "Zirə"ni təbrik edirəm. Kubok oyunları çətin olur. İlk hissəni yaxşı oynadıq. İkinci hissədə buraxılan səhv qolla nəticələndi. Fasilədən sonra oyunu dəyişməyə çalışdıq. Amma Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu.

 

– Qəbul edirsinizmi ki, komandada intizam problemi var?


– Deməzdim. Futbolçular çalışır ki, tapşırıqları etsinlər.

 

– Ninkoviçin qovulmasına qədər də rəqibin müdafiəsini yara bilmirdiniz. Bu, nə ilə bağlı idi?


– "Zirə"nin də çox şansı olmadı. İlk zərbəni qola çevirdilər. Bu mövsüm 4 oyun keçirdik və hər biri bərabərsəviyyədə oldu. "Zirə" keyfiyyətli klubdur. Onların fərdi bacarıqları yüksək olan futbolçuları var. Biz bacardığımızı etdik.

 

– Mövsümə yaxşı başlamışdınız. Aleksa Yankoviç fərq göstərirdi. Bəs sonra nə oldu ki, komandada eniş başladı?


– Futbolçularla bağlı müzakirə aparmaq istəməzdim. Yaxşı başlamışdıq, müəyyən məqamdan sonra oyunumuzda eniş görünür. Qarşıda oyunlar var. Ümidliyik, çalışacağıq ki, əlimizdən gələni edək.

 

– Avrokuboklara nə dərəcə ümidiniz qalıb?


– Reallığa qalsa, çətin məsələdir. Aradakı xal fərqi böyükdür.

 

– Ninkoviç təcrübəsinə görə komandanı arxasıyca aparacaq futbolçudur. Amma son iki oyunda qırmızı vərəqə alıb, komandanı çətinə salır. Psixoloji problem var, ya necə?


– Ninkoviçdən gözləntilərimiz böyükdür. Bu gün də "qırmızı" aldı. Bəlkə, nəsə psixoloji problemləri var. Ancaq ondan ümidliyik, hələlik ümidimizi doğrultmur.