"Neftçi"nin futbolçusu Yuri Matias sabiq klubu "ÇFR Kluj"un (Rumıniya) onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib. sport24.az xəbər verir ki, braziliyalı müdafiəçi Rumıniyanın "Prosport" nəşrinə açıqlamasında deyib ki, sərfəli təklif olacağı təqdirdə həmin ölkəyə qayıda bilər:

 

"Son xəbərləri oxuyuram, amma "ÇFR Kluj"a qayıtmağımla bağlı heç nə bilmirəm. Lakin futbolda hər şey mümkündür. Bilirəm ki, məni "ÇFR Kluj" və ümumilikdə Rumıniyada dəyərləndirirlər. Odur ki, sərfəli təklif olsa, əlbəttə ki, ora qayıdardım. Təəssüf ki, göründüyü kimi, hazırda komandanın durumu yaxşı deyil. Ümid edirəm ki, "ÇFR Kluj" yenidən güclü olacaq. Superliqada hər oyunu izləyirəm, Rumıniya çempionatından xəbərdaram. Bildiyiniz kimi, mən də rumın dilini öyrənmişəm, Orada çoxlu dostlarım var".

 

Matias "Neftçi" barədə də danışıb: "Neftçi"yə gəlincə, özümü burada yaxşı hiss edirəm. Demək olar ki, hər matçda oynayıram. Bu mövsüm artıq "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdur, ona görə də ikinci yeri hədəfləyirik. Bunun üçün də çalışırıq".

 

Qeyd edək ki, Yusi Matias "Neftçi"yə ötən yay məhz "ÇFR Kluj"dan keçib. Onun paytaxt klubu ilə müqaviləsi isə 2025-ci ilin iyun ayına qədərdir.