"Əlbəttə, uzun fasilədən sonra Türkiyəyə təlim-məşq toplanışına getmək xoş idi. Hər halda, bizə doğma ölkədi. Türkiyəyə hər il gedərək həm yayda, həm də qışda toplanış keçirdik. Təəssüf ki, keçən il məlum səbəblərdən bunu reallaşdırmaq çətin idi. Amma bir daha deyirəm ki, Antalyada şərait, atmosfer çox yaxşı idi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin prezidenti Kamran Quliyev söyləyib. 

Komandasının Türkiyəkin Antalya şəhərindəki ikihəftəlik təlim-məşq toplanışını dəyərləndirən klub rəhbəri üzüldüyü yeganə məqama da toxunub: "Təəssüf ki, bəzi futbolçular bizə gec qoşuldular. Bu, mənfi məqam idi. Problemlərimiz var idi. Kimlərsə yeni ili qeyd edərkən ətrafındakılardan koronavirusa yoluxanlar olmuşdu. Nəticədə, özləri karantinə alınmışdı. Bizdə həmçinin "korona"yla xəstələnən də olmuşdu. Yeganə mənfi amil bu idi. Amma ümumilikdə məhsuldar bir toplanış oldu. Komandamızda həlledici mövqeləri gücləndirdik. Düzdür, bəzi futbolçularımız da getdi. Ancaq əsas gücümüz yerli futbolçuların transferinə yönəlmişdi. Bu haqda əvvəl də danışmışdım və fikrimcə, buna nail olduq".

Məlumdu ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində tarixi zəfƏr çatdı və bunda qardaş Türkiyənin böyük dəstəyi oldu. Maraqlıdı, bu əlamətdar olaydan həmin ölkədə Azərbaycanın ən "qoca" klubunu necə qarşıladılar? Klub prezidentini dinləyək: "Türkiyənin həmişə bizə qardaş münasibəti olub. Prinsipcə, Kiprdə təhsil almışam, Şimali Kiprdə. Hələ o vaxt bizdə işğal altında olan ərazi problemləri var idi. Türkiyədə çoxlu dostlarım var. Hətta qohumlarım var ki, orda yaşayırlar. Həmişə bu sual yaranırdı ki, işğal olunmuş ərazilər təkcə Azərbaycan üçün itirilmiş, "travma" sayılmırdı. Türkiyə üçün də elə idi. Çünki bizim etnosun əsas hissəsini birbaşa türk etnosuna aididyyatı olanlar təşkil edir. Onlar da bunu istəyirdilər ki, nə vaxtsa əlimizə silah alıb gedib topraqlarımızı qaytaraq. Bəli, 2020-ci ilin noyabrından sonra Türkiyədə bizə qarşı münasibət dəyişdi. O demək deyil ki, əvvəl pis idi. O baxımdan ki, bizə görə daha sevincli oldular, bizimlə birgə bu xoş anları qeyd edirlər, bizimlə qürur duydular! Xatırlayıram ki, hələ keçən yay Sloveniyaya getdiyimizdə bu ölkənin hava limanında Türkiyə hava şirkətinin nümayəndəsi bütün terminal boyu qaçaraq bizi qucaqlayırdı ki, Sloveniyada olduğumda qələbə günü eyvanımda Azərbaycan-Türkiyə bayrağını birgə havalandırmışdım. Türkiyədə demirəm hamı, amma fikrimcə, böyük hissə insan üçün Vətən Müharibəmizdə qələbə hər bir azərbaycanlıya olduğu kimi, böyük bayramdı. Onu nəzərə alaq ki, Azərbaycan çoxlu etnosu olan ölkədi, burda müxtəlif millətlər Qarabağ uğrunda vuruşdular. Türkiyədə bizim qələbəni xüsusi qeyd edirlər. Əlbəttə, ora gəldiyimiz ilk gündən görünürdü ki, onlar bizə görə çox sevinirlər".

 

 

CEYHUN ƏLİYEV