Buz yerindən tərpəndi - yox, hansısa aysberqdən bəhs etmirəm. Premyer Liqamızda bombardirlik mübarizəsindən qol sayının 16 rəqəmini aşmağını nəzərdə tuturam. Axı, məsələ ondadır ki, son 6 mövsümdə bombardirlər yarışında məhsuldarlıq aşağı idi. Ən əsası, 16 qol həddini keçmək heç cür mümkün deyildi. Son mövsümdə "qol kralı"yla bağlı göstərici ümumiyyətlə, çox aşağı - cəmi 7 qoldan ibarət idi. Ancaq onu da nəzərə alaq ki, bu mükafatı qazanan kvartet - Stiven Monroz, Baqali Dabo, Mahir Emreli və Peyman Babayi keçən mövsüm koronavirus pandemiyasına görə yarımçıq dayandırıldığından cəmi 20 turun iştirakçısı olmuşdu. 

2014/15 mövsümündən bu yana yalnız bir dəfə ən yüksək göstərici - 16 qol olmuşdu. Bu, Emrelinin ilk dəfə bombardir olduğu 2019/20 mövsümüdü. "Qarabağ"ın hücumçusu son turda het-trik etməklə bu göstəricisini təkrarladı. Yəni Mahir bu mövsüm bombardir olmasa belə, Premyer Liqada şəxsi məhsuldarlığı ilə bağlı rekordunu yeniləmək üçün əla imkana malikdi. Çünki sona hələ 4 tur var. 

Emrelinin hazırda yarışdığı isə milli komanda yoldaşı olan Namiq Ələsgərovdu. "Neftçi"nin cinah yarımmüdafiəçisi son turda dubla imza atmaqla qol sayını 18-ə çatdırdı. Namiqin ən yaxşı, ən məhsuldar mövsümünü keçirdiyi Premyer Liqada ilk dəfə bombardir olmaq şansı yetərincə çoxdu. Son 7 mövsümdə "qol kralı" nəinki 20, heç 17 qol həddinə çatmayıb. Göründüyü kimi, Namiq "bir şeytanın qıçını qırdı". Qaldı o biri ki, buna nail olarsa, uzun müddətlik həsrət bitəcək. Son dəfə "Qarabağ"ın braziliyalı hücumçusu Reynaldo Slva 22 qolla çempionatın ən sərrast futbolçusu adına sahib çıxanda komanda baş məşqçisi Qurban Qurbanovla hələ ilk çempionluğun sevincini yaşayırdı. 

26 yaşlı Ələsgərov qol sayından asılı olmayaraq bombardir olarsa isə komandasının həsrətini bitirəcək. Çünki "Neftçi"dən son bombardir çempionluq qazandığı 2011/12 mövsümündə çilili hücumçusu Nikolas Kanales olub - 26 qol. Yeri gəlmişkən, bu, çempionatımızn bombardirləri olan legionerlər arasında ən yüksək məshuldarlıqdı.

"Neftçi"dən son dəfə yerli bombardir isə XX əsrə gedib çıxır. Bu, gümüş medal qazandığı 1996/97 mövsümüdü ki, onda Qurban Qurbanov hələ futbol oynayırdı və "ağ-qaralar"ın şərəfini qoruyurdu. Bu hücumçu 24 il əvvəl 34 qolla hamıdan çox fərqlənmişdi. 

 

 

MEHMAN SÜLEYMANOV