CEYHUN ƏLİYEV
Ötən gün "Sabah" - "Neftçi" görüşünü izləmək məqsədi ilə "Bank Respublika Arena"ya üz tumuşdum. Masazırdakı tıxac taksi sürücüsünü təəccübləndirmişdi. Yazının müəllifindən "bilmirsən, nə məsələdi?" soruşduqda qürurla "futbol var, yəqin ona görədi" cavabını verdim. Həmsöhbətimin cavabı acı oldu: "kimə lazımdı sənin futbolun? Millət tik-tokdadı, kimisi soyunur, kimisi də ona şirdən-fildən atır".
…Təəssüf ki, stadiona çatdıqda sürücünün haqlı olduğunu gördüm. Deyəsən ki, "Sabah" təbliğat aparmır? Aparır, özü də olduqca peşəkar səviyyədə. Deyəsən ki, hava soyuq idi və ya yağış yağırdı? Hava superin superi idi. Deyəsən ki, tərəflərdən birinə maraq azdı? Belə də deyil. Demək ki, sürücü haqlıdı, kütləyə soyunan tik-tokerlər lazımdı.
Axı, əvvəldən də gözlənilirdi ki, oyun olduqca maraqlı keçəcək. Bir tərəfdə 3 oyundu qələbə üzünə həsrət "Sabah" idisə, digər tərəfdə qələbə sevincini yalnız 10-cu turda dadmış "Neftçi". Deməli, hər iki komandaya qələbə lazım idi və deməli, açıq futbol izləyəcəkdik. Və bütün bu faktorların qarşısında vur-tut 2000 tamaşaçı…
Ancaq ən acınacaqlısı budu ki, "qərb derbisi" - "Turan" - "Kəpəz" görüşündən savayı baş tutan digər 3 matçın cəmində "Bank Respublika Arena"ya toplaşan tamaşaçıdan az adam yığılıb: "Qarabağ" - "Şamaxı" görüşünü 1000, "Səbail" - "Sumqayıt" matçını 600 və "Araz-Naxçıvan" - "Zirə" oyununu 80 (!!!) futbolsevər izləyib. Ümumilikdə 1680 yoldaş.
Maraqlısı budu ki, sosial platformalarda onminlərlə insan "dərin futbol biliyi"ni nümayiş etdirir. Deyəndə ki, gəl stadiona "bizdə fİdbol yoxdu" cavabını verirlər. Yox, cənablar kimə nə maraqlıdırsa, ona da yönəlir. Futbolu ayaqla oynaylrlar, amma baş işlədərək. Tik-tokda isə başa ehtiyac yoxdu, ön plana göz çıxır. Telekanallarımızın uzun illərdi apardığı "namussuzların namus dərsi" təbliğatı işini gördü. Gedin tik-toka, orda başa ehtiyac yoxdu.