RƏŞAD QASIMOV

 

Dünəndən hamı Gürcüstan yığmasının Avro-2024-ə vəsiqə qazanmasından danışır, gürcülərdən nümunə götürməli olduğumuzu qeyd edir. Vətənimi və millətimi çox sevirəm, hətta deyərdim ki, millətçiyəm. Ancaq etiraf etməliyik ki, gürcülər tarixən bir çox sahələrdə bizdən bir addım öndə olublar, bu gün də belədi, böyük ehtimalla, sabah da belə davam edəcək. İstər mədəniyyətdə, istər idmanda, istərsə də təhsildə daim gürcülərin arxasınca düşmüşük, onların çaldığı havaya oynamışıq. İnanmırsız? Bu yöndə çox misal çəkə bilərəm.

 

Məsələn, sovet dönəmində Azərbaycanda müharibə mövzusunda tamaşaçıların zövqünü oxşayan yaxşı filmlər çəkilib. Ancaq hansı filmimiz bu "tema"da gürcülərin "Əsgər atası" ilə ayaqlaşa bilər? Və yaxud Georgi Daneliyanın "Mimino"sunu götürək. Rejissor milyonların izlədiyi filmdə həm Gürcüstan məişətini dünyaya çatdırıb, həm də bölgədə yaşayan sadə gürcü insanının xarakterini nümayiş etdirib. Bizim hansı kinomuz dünya demirəm, heç olmasa post sovet məkanında adını qeyd etdiklərim qədər məşhurluq qazanıb? Odu ki, çox da zad eləməyin...

 

Təhsilə nəzər salaq. Ötən əsrdə yaşamış əksər azərbaycanlı ziyalılar harda oxuyub? Bəli, düz dediz, Qori seminariyasında. Məhz oranı bitirənlər sonradan ölkəmizin sayılıb-seçilən aydınları olmuşdu. Halbuki, onda da, indi də, yəqin ki, sabah da pul bizdə olacaq, ancaq onu düzgün xərcləyən, xalqının sabahını fikirləşən gürcü aristokrasiyasıdı. Qafqazda ilk universitetin də Tbilisidə açıldığını qeyd etmək lazımdı. Buna əsasən gürcülərlə bizim aramızda paralellər aparıb, çox da zad eləməyin...

 

İdmandan, xüsusilə də futboldan isə danışmağa dəyməz. Gürcü futbolu həmişə adından söz etdirib. SSRİ dönəmində də belə olub, müstəqillik illərində də... Tbilisi "Dinamo"su SSRİ çempionatının və kubokunun qalibi olduğu,  avrokuboklarda zəfər qazandığı illərdə "Neftçi"miz ya elitada qalmaq uğrunda mübarizə aparıb, ya da aşağı dəstədə çıxış edib. Bu gün həmin kipianilərin, çivadzelərin, şengeliyaların nəvələrinin AVRO-2024-ə vəsiqə qazanmasında da qeyri-adı heç nə yoxdu. Zad eləməyə əsas yoxdu...

 

Kimsə bu yerdə düzgün idarəçiliyi, uşaq futbolunu ortaya atıb AFFA rəhbərliyini tənqid etməsin. Sizinlə razıyam ki, ölkə futbolunun inikaşafına məhz bu qurum və onun rəhbərliyi məsuliyyət daşıyır. Ancaq bu o demək deyil ki, AFFA prezidenti və ya baş katibi Bəhlul Mustafazdənin əvəzinə 5 metrdən qapını düzgün nişan almalıdı, Coşqun Diniyevin yerinə düzgün ötürmə etməlidi... Rəhbərliyin işi bu sahəyə maliyyə ayırmaqdı ki, bu da var. Problemin kökü başqadı. Çəkinmədən etriaf edək ki, futbol bizim genimizdə yoxdu. "Qarabağ"? Ağdamlıların avrokuboklardakı heyətinə diqqət yetirin. Qurban Qurbanovun üzünü ağardan legionerlərdi, yerlilər yox.

 

Futbol veteranlarımızdan isə danışmağa dəyməz. Hamısı olmasa da, çoxu öz haqqını belə tələb etməkdən qorxur, çəkinir. Dünən Kaxa Kaladze Gürcüstanın baş nazirinin yanında elə dayanmışdı ki, sanki baş nazir o, Tbilisi meri isə yanındakı idi. Bilirsiz niyə? Çünki, Kaxa Gürcüstan Futbol Federasiyasından pensiya tələb etmir, 5-10 manata görə, haqsızlığa göz yummur. Bu səbəbdən də alnıaçıq, hökümət adamlarının yanında üzləri ağdı. Bizim hansı veteran futbolçumuz dövlət strukturunda böyük vəzifə sahibidi? Fikirləşməyin tapmayacaqsız.

 

Odur ki, gürcülərlə özümüzü müqayisə edib, başınızı ağrıtmayın. Necə deyərlər, çox da zad eləməyin...