Virtual səyahətimiz bu dəfə uzaq Kolumbiyayadı. Arxası iri qarışqaların qızartmasından da bəhs etdik “Qarabağ”ın müdafiə sütunlarından biri ilə, atdığı kəllədən də danışdıq, “olü dirildən” yeməkdən də. Ən əsası isə bərbər olması işimizə yaradı. Yazı müəlliflələrindən birinə (keçəl olana) söz verdi ki, çempion olacaqları təqdirdə qəşəng “priçoska” düzəldəcək. Beləliklə, Sport24.az-ın Kevin Medina ilə yaratdığı bu kiçik əsərlə tanış olmaq istəyiniz oxuduğunuz giriş hissəsindən sonra da qalıbsa, monitora yaxın əyləşin.

 

"Tətil vaxtları döyüş növüylə məşğul oluram, bəxtiniz gətirib mənimlə məsafədə danışırsınız"

- Kevin David Medina Renteria. Açması?
- Əslində, ad-soyadımın kökünün hardan gəlməsini bilmirəm. Sözün düzü, bu haqda məlumatım yoxdu. Bildiyiniz kimi, birinci ata, sonra ana soyadı gəlir. Buna görə bizdə belə uzun​ alınır adlar. Ancaq soyadlarının kökü haqda bixəbərəm.​

- Bəs, Kevin adı kimin şərəfinə qoyulub?
- Heç kəsin. İkinci adım David ana babamın adı olub. Bunu deyə bilərəm ki, həmin ad onun şərəfinədi.​ ​

- Futbola gəlişini xatırlayaq. Uşaqlıq illərin Kolumbiyada necə keçib?
- Sırf həyatıma gəlincə, çox maraqlı, xatirələrlə dolu uşaqlığım olub. Bu haqda çox uzun danışmaq olar. Əslində, 8 yaşımda atam məni futbola gətirib. O, həmişə dəstək olub mənə. 8 yaşımdan tam futbola konsentrasiya olunmuşam. Həmin vaxtdan eyni yolla gedirəm.​

- Açığı, bu sualın cavabını səmimi verdiyinə inanmıram. Ona görə ki, Azərbaycanda səni fərqli idman növündə də görmüşük. Bu idman növünün adını bəlkə bizə açıqlayardın? Çünki babat kəllə atmağın var. Bunu hansı idman növündən mənimsəmisən? Bəlkə​ karate, döyüş​ filmələrinə çox baxırsan?

- (gülür) Tətil vaxtlarımda UFC-yə marağım çoxdu. Bu zaman​ döyüş növüylə məşğul oluram. Yalnız tətillərdə.​

- Belə çıxır ki, bəxtimiz gətirib səninlə məsafədə danışırıq?
- Hardasa belə demək olar (gülür).

- Xarici görünüşcə futbolçudan daha çox döyüş filmlərində çəkilən aktyorlara​ bənzəyirsən.​ Şəxsən mən rejissor olsaydım, səni döyüş filminə​ baş qəhrəman çəkərdim. Özünü bu ampuada görürsənmi?
- Fikilərşmədən bu dəvəti qəbul edərdim, özümü də bu rolda görürəm. Ümumiyyətlə, aktyorluq sənətini çox bəyənirəm.​

 

"Bu, artıq mənim valideynlərimin problemidi ki, martın 9-da dünyaya gəlmişəm"

- İlin 365 günü var. Vaxt tapmadın başqa gündə dünyaya​ gəlməyə?

- Nə olub ki martın 9-da anadan olmağıma?

- Bu, hazırda müsahibə verdiyin saytın da ad günüdü...

- Bu, artıq mənim valideynlərimin problemidi ki, martın 9-da dünyaya gəlmişəm (gülür).​

- Növbəti il 5 illik yubileyimizdi. Bəlkə ad günlərimizi birgə keçirək?
- Təbii. Hələ ki burdayam.​ Müqaviləmə əsasən burda olmalıyam. Niyə də olmasın?!

- Anadan olduğundan cəmi 1 il sonra - 1994-cü Kolumbiyada məşhur Eskobar hadisəsi yaşandı. Futbola gələndə arıq faciəvi hadisədən xəbərdar idin, yoxsa xeyli sonra xəbər turmusan və artıq gec olub?
- Yox, futbola başlayanda azyaşlı idim deyə belə şeylər diqqətimi cəlb eləmirdi, maraqlı gəlmirdi.​ Amma zaman keçdikcə, böyüdükcə, evdə valideynlərin danışıqlarından baş verənləri eşidirsən. Həm də az yaşlarımdan evdən çıxmışam, səfərlərdə çox olurduq. Məsələn, Argentinaya çox gedirdik. Orda kolumbiyalı olduğumu bilərkən Eskobarı dərhal xatırlayırdılar. Buna görə artıq fərqli millətin nümayəndələrindən də Eskobar haqda eşidirsən, beləcə onun haqda ordan-bura​ bir fikir formalaşır. Biri​ var ok, öz ölkəmdə danışırlar, biri də var gedib başqa ölkədə də o haqda eşidirsən.

- Kolumbiyada​ bildiyimiz qədərilə elə durmadan küçələrdə atışmalar olur​ narkobaronların dəstələri arasında. Başına belə bir hadisə gəlməyib təsadüfən?
- Belə hadisələr​ə Eskobarın zamanında daha çox rast gəlinirdi. Eskobarın qətlindən sonra hardasa 2-3 il də belə qrupların bir-biriyə qarşı-qarşıya, kəllə-kəlləyə gəlməsi​ olurdu. Amma​ son illər belə şeylər necə deyərlər,​ əfsanə kimi görünür. Daha​ yoxdu belə şeylər, çünki Kolumbiya artıq turist ölkəsinə çevrilib. Düzdür, hər "kvartal"ın​ öz qoruyucları var. Hər kəs öz məhəlləsinə cavabdehdi, ancaq çıxıb küçələrdə​ bir-biriylə atışsınlar,​ haqq-hesab çürütsünlər - artıq elə bir şeylər yoxdu.​

 

"Əhəd Abıyevə salam göndərirəm, gələn dəfə belə şeylər​ edəndə bir az diqqətli olsun"

- Xəbərin var ki, Kolumbiya bayrağı Azərbaycanla 44 günlük münaribə eləyən Ermənistan bayrağına oxşayır?

- Bu yaxınlarda maraqlı bir hadisə başıma gəldi. Kolumbiyada son vaxtlar ara qarışmışdı. Hadisələr​ bir az kəllə-mayallaq​ olduğu üçün bizim insanlar sosial şəbəkələrdə bayrağı da tərsinə asmağa​ başladılar. Mən də onlara qoşularaq "İnstagram"da​ bunu elədim. Bizim klubun azarkeşləri də bunu görüb başladılar ki, niyə Ermənistan bayrağını paylaşırsan. Mən də başladım onlara izah eləməyə ki vəziyyət necədi, niyə Kolimbiya bayrağını tərsinə paylaşıram. Yəni, bu, həmin Kolumbiyada olan durumla bağlıdı.

- Bilirsənmi ki, Azərbaycanda Əhəd Abıyev adlı məşhur siyasətçi var?
- Yox.

- O qədər məşhurdu ki, Kolumbiya bayrağını Ermənistan bayrağı bilərək, rənglərini  "fanerka"ya çəkdirib qolunun gücünü göstərərək​ sındırmışdı. Sonda məlum oldu ki, bu, Ermənistan bayrağı​ deyiI. Sadəcə, Kolumbiya bayrağını tərs qoyub sındırmışdı...
- (gülür) Deməli, kolumbiyalıları sındrımaq istəyib bu şəxs.​

- Bu müsahibə vasitəsilə​ Abıyevə salam göndərmək istəmirsən?
- Ok, salam göndərirəm. Həm də gələn dəfə belə şeylər​ edəndə bir az diqqətli olsun.​

 

"İtaət elədiyim dinə​ əsasən​ birbaşa Allaha inanırıq, başqa bir ünsürlər yoxdu"

- Hansı dinə itayət edirsən? Təsadüfən müsəlman deyilsən? Çünki meydançanın ortasında əyilərək Allaha dua​ elədiyin foto diqqətimizi çəkdi...
- Kolumbiyada daha çox xristianlar​ cəmləşib. Əslində, fərqli dinlərə məxsus insanlar var bizim ölkədə. Müsəlmanların yaşadığı​ böyük bir dini icma​ var. Bunlar əsasən​ Livandan köçmələrdi. Eyni zamanda əlavə edim ki, Livandan köçüb gələn xristianlar da çoxdu. Məsələn, məşhur Şakira Livandan gəlmədi, ancaq xristiandı. Soyadı da Mübarəkdi. Katoliklər var ki, onlar xristian dinində çoxluq təşkil edir. Bir də yevangelistlər​ var ki, o da xristian​ dininin bir başqa qoludu. Onlar əsasən Kolumbiyadadı.​ Özümə gəlincə, elə mən də yevangelistəm. Katoliklərdən​ fərqlənirik. İtaət elədiyim dinə​ əsasən​ birbaşa Allaha inanırıq, başqa bir ünsürlər yoxdu.​

- Şakiradan söz saldın, hansı ki Kolumbiyanın dünyada bəlkə də ən tanışmış nümayəndəsidi. Onu nə dərəcədə sevirsən? Şakiranın ispaniyalı məşhur futbolçu Pike ilə ailə həyatı qurmağını Kolumbiyada necə qarşıladılar?
- Bizdə əcnəbilərlə, başqa ölkələrin vətəndaşları ilə evlənmək o qədər adi haldı ki, Şakiranın da bu qərarı heç bir səs-küy yaratmadı. Sanki belə də olmalı idi ki, Şakira Pike ilə ailə həyatı qurdu - yəni, o qədər bəsit, o qədər adi. Ən çox​ səs-küy törədə bilən onların ayrılması​ olacaq.​ ​

- Şakiranın evliliyndən danışdıq. Bəs, öz ailəndən nə bilgi verə bilərsən? Ailəlisənmi? Övladın varmı? Bir yerdəmi yaşayırsınız?

- Bir qızım var. Portuqaliyada oynadığım vaxtlarda oralı bir xanmla münasibətimdən yaranıb. Hal-hazırda həmin ölkədə anasıyla yaşayır. Bakıda tək yaşayıram.​ ​

 

"Söz verirəm ki, sənin saş formanı Elvar Quliyev saç formasına salacam"

- Karyeran​ daha çox bu ölkəyə bağlı​ olub. Ancaq heç vaxt yüksək liqasında çıxış etməmisən. Təkliflərin olmayıb, yoxsa..?

- Futbolçu karyeramın​ uzun tarixçəsi var. Düzdü,​ futbola başladım, ancaq sonra hardasa 19-20 yaşımda artıq futboldan bir uzaqlaşmaq dönəmi yaşadım. Hətta bərbər işləməyə başlamışdım artıq, daha çox bu sahəyə yönəlmişdim. Futbol demək olar yavaş-yavaş mənim üçün ikinci plana keçirdi, soyumuşdum.​ Birdən xeyriyyə fondunun nəznində bir komanda var idi ki, ora məni dəvət elədi. Başladım həmin komandada çıxış eləməyə və yavaş-yavaş futbola olan sevgim​ bərpa olunmağa başladı. Amma belə idi ki,​ səhər gedirdim ora, günorta gəlib bərbər işləyirdim. Ordan məni həvəskar liqaya bir komandaya dəvət elədilər. Səhər​ gedib fondun komandasında​ oynayırdım, günorta gəlib bərbər işləyirdim, axşam isə həvəskar komandanın heyətində məşqlərə başladım. Artıq orda da başladım oynamağa. Bir gün Portuqaliyadan menecerlər gəldilər və məqsədlərində, planlarında 3 futbolçu aparmaq var idi. Onların adların özlərinə yazmışdılar, sadəcə, izləməyə gəlmişdilər. Yekunda məni də həmin siyahıya​ saldılar, olduq 4 futbolçu. Məni apardılar Portuqaliyanın III Divizionunda "Naval"​ komandasına. Aşağı liqa olsa da, tarixi olan bir klubdu. Altı aydan sonra mənə məşhur "Gimarayeş" klubundan dəvət gəldi, hətta 1 ay onlarla məşq elədim. Sonra çoxlu agentin məsələyə girişməsi, xeyli anlaşılmaz məqamlar olduğundan bu transfer baş​ tutmadı. Yekunda III Divizionun başqa komandasına - "Moura"ya keçdim. Əslində, həm futbolçu, həm də insan kimi formalaşmağımda həmin klubda keçirdiyim o müddət çox önəmli idi. 2-3 il orda çıxış etdim. Futbolçu kimi "Moura"da tam formalaşdığımı​ deyə bilərəm. Ardndan "Sintrense"yə keçdim, çünki daha iddialı idi, qarşısına II Diviziona qayıtmaq məqsədi qoymuşdu. Ancaq dekabrda artıq gördük ki, klubda o imkanlar tükənib. Bundan sonra daha çox çinlilərin sponsoru olduğu bir klub var idi, ora keçdim. Bir müddət sonra mənə müqaviləni yeniləmək təklif olunanda dedim kİ, bunu yalnız bir şərtlə edə bilərəm. Bu da yaxşı təklif alacağım halda getməyimə icazə vermələri ilə bağlıydı. Orda məşqlərin başlanmasına 1 həftə qalmış "Vizeu"dan təklif gəldi. Əslində, burda 2 illik müqaviləm vardı, 1 il oynadım, sonra "Çaves" məni transfer elədi. Bu klubla 4 illik müqavilə imzaladım, 9 ay oynadım və sonra da "Qarabağ" məsələsi çıxdı ortaya.​

- Burda əsas diqqətimizi​ çəkən məqam bərbər olmağın​ idi. Maraqlıdı, "Qarabağ"​ çempionluğu qaytarsa, mənim (Ceyhun Əliyev nəzərdə tutulur) saç düzümümü Elvar Quliyevin (klubun tərcüməçisi) saç düzümü formasına sala bilərsənmi?
- (gülür) Söz verirəm ki, edəcəm. Elə "Qarabağ"ın çempionluğunu da söz verirəm!

 

"81 nömrə"ni götürməyimin də bir maraqlı tarixçəsi var"

- Aramızda bir mübahisə düşüb çıxış etdiyin "81 nömrə"ylə bağlı. Mehman deyir ki, 81​ sənin təvəllüdündü, 12 il "lipa"san, mən isə deyirəm ki, yox, yaşıdı, 81 yaşın var. Hansımız haqlıyıq?
- Heç biriniz (gülür).

- Bəs "81"-in sirri nədədi?
- Bunun da bir maraqlı tarixçəsi var. Əslində, ən çox xoşladığım nömrə 19 idi. Qızım dünyaya məhz ayın 19-da gəlib və mən də başladım bu nömrəylə oynamağa. "Vizeu"ya getdim, orda "19 nömrə" olmadığı üçün 18-i götürdüm. "Çaves"ə gəldim - nə​ 18 vardı, nə də 19 boş idi. Buna görə də 18-ə uyğun 81-i götürdüm. Elvar, xatırlayırsan, bura gəlməzdən xeyli əvvəl sənə dedim ki, xahiş edirəm 18 varsa, onu mənə versinlər. O da boş olmadığını bildirdi. Həmin nömrə  İsmayıl İbrahimlidə olduğuna görə məcbur olub 81-i seçdim. Bu rəqəmi artıq bədənimə döymə​ də eləmişəm.​ ​

- Çalış ikinci övladın dünyaya ayın 1-də gəlməsin. Yoxsa qapıda dayandı olacaqsan...
- Burda məsələ bir az qəlizləşir.​ Gərək nəzərə alım.

 

"Çox dadlı yeməkdi, ölü dirildən yemək​ də deyirlər ona"

- Sankoço və seviçe....
- Seviçe daha çox dəniz​ məhsullarından ibarətdi. Əsasən Sankoçonu qeyd edərdim, çox dadlı yeməkdi. Ölü dirildən yemək​ də deyirlər ona. Yəni, ölü yeyəndə hətta dirilir.

- Belə çıxır ki, "Qarabağ" hansısa oyunda uduzanda komanda yoldaşlarını aparırsan​ həmin yeməklə​ diriltməyə? Özün hazırlayarsanmı onlara bunu ki, dirilsinlər?
-​ (gülür) Bəlkə hə, nəsə ortalığa çıxara​ bilərəm, amma o qədər dadlı alınmayacaq. İnanmıram ki, dadlı olsun.

- "Neftçi"yə çempionluq matçını uduzandan sonra beynindən belə fikir keçdi​ ki, komanda çox pis vəziyyətdə olduğundan həmin yeməyi hazırlayım?
- Yox, bu, ağlıma gəlmədi. Çünki birinci ölü vəziyyətdə elə özüm idim (gülür).

 

"Bizim ölkədə arxası iri qarışqaları qızardıb deyirlər, deyirlər ki, çox dadlıdı"

- Belə bir maraqlı informasiya oxuduq ki, Kolumbiyada qızarma qarışqa yeyilir. Bu, hədiqətdi, yoxsa dezinformasiyadı? Həqiqətdirsə, özün bir dadmısan?

- Doğrudu, belə bir yemək var, sadəcə, bildiyiniz balaca qarışqalar deyil. Kuronadı adı, arxası iri qarışqadı.

- Dadına baxmısan?

- Əslində, dadına baxmamışam. Ancaq bilirəm ki, belə yemək var və özü də deyirlər ki, çox dadlıdı.​ ​

 

"Qurban Qurbanovun məşqləri bizi daha çox yorur, nəinki..."

- Portuqaliyada çempionatda heç vaxt rəqibi qəsdən vurduğuna görə birbaşa qırmızı vərəqə olmayıb. Maraqlıdı, Azərbaycanda sənə nə yedizdirirlər ki, şirə dönmüsən?
- Orda Kubokda​ 1 "qırmızı"m var, o da 2 sarı vərəqəyə görə. Əslində, bilmirəm, bəlkə də yeməklərdə nəsə var ki, adama bir az gərginlik verir (gülür). Təbii ki, bu, bir zarafatdı. Düzdür, bura gələndən artıq 2 dəfə qırmızı vərəqə almışam. Ancaq​ biriylə razılaşmıram. Hesab edirəm ki, mənə haqsız göstərdilər. Ancaq digəri öz axmaqlığım ucbatından idi.​ ​

- 48​ dəqiqədi​ səndən müsahibə alırıq. Qurban Qurbanovun məşqləri daha çox yorur, yoxsa əl çəkmək bilməyən bir cüt “təqaüdçü”?

- Yox, mənim heç biri problem deyil. Hətta özümün də xoşuma gəldi müsahibənin belə geniş olması. Yorğunluğa gələndə, Qurban Qurbanovun məşqləri bizi daha çox yorur (gülür). Öz növbəmdə sizə çox-çox təşəkkür edirəm. Sizinlə keçirdiyim vaxt mənə maraqlı gəldi.​ Suallar çox rəngarəng idi.

 

 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV