Dünən keçirilən "Araz-Naxçıvan" –  "Sabah" (0:1) matçından sonra naxçıvanlıların konqolu legioneri üzvü Elvis Maşike Sport24.az-a müsahibə verib. O, komandanın yeni baş məşqçisi ilə sabiq çalışdırıcını müqayisə edib, Bakıda yaşayışından söz açıb.


- Çox çalışsaz da meydanı məyus tərk etdiz. Xal və ya xallar qazanmaq üçün nə çatmadı?
- Bizi çətin 90 dəqiqə gözləyəcəyini bilirdik. Meydanda çox qaçdıq, döyüşdük. Yaxşı oynadıq, amma rəqibin nə müdafiəsini yara, nə də qapıçısını məyus edə bildik. "Sabah" sıx müdafiə olundu. Yaxaladığımız qol imkanlarını dəyərləndirməyincə, məğlub olduq. Rəqib isə bəlkə də oyunun axarına uyğun olmayan qolla istədiyi 3 xalı qazandı.


- Mövsümboyu öz çıxışından razısan?
- Çıxışım haqqında nəsə deyə bilmərəm. Yeni baş məşqçimiz də mənə güvənir. Məndən irəlidə daim hərəkətli olub, qollar vurmağımı gözləyir. Onun etimadını doğrultmaq üçün çox çalışıram.


- Azər Bağırov getdi, Elmar Baxşıyev gəldi. Yeni baş məşqçi gəlişi ilə düşərgədə nə dəyişib?
- Təbii ki, istənilən baş məşqçi dəyişikliyi özünü göstərir. Elmar Baxşıyevin təyinatından sonra komandaya sanki, yeni enerji gəldi. Kollektivdə nizam-intizam güclənib. Hazırda daha yaxşı müdafiə olunuruq, hücumda kreativlik artıb. Məncə, indi daha yaxşı oynayırıq.  


- Bir ilə yaxındı Azərbaycandasan. Həm futbol, həm də ölkəyə uyğunlaşmısan?
- Bəli, ölkənizdə futbol oynamaq xoşdu. Azərbaycanda uyğunlaşmaq rahat oldu. Çox gözəl ölkəniz var. Sakitçilikdi, insanlarını çox mehribandı. Belə ab-havada futbol oynamaq da rahatdı.


- Azərbaycanlıları qısaca necə xarakterizə edərdin?
- Çox həssas və emosional xalqsız. Bu da mənim xoşuma gəlir.

ABDULLA İSMAYILOĞLU