"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yasin Benzianın ikinci qazanc mənbəyi bəlli olub. Sport24.az xəbər verir ki, bunu Əlcəzair mətbuatı açıqlayıb.

Məqalə müəllifinin yazdıqlarına inansaq, 30 yaşlı yarımmüdafiəçi gələcəyi üçün daşınmaz əmlaka investisiyalar qoyub. Benzia bu məqsədlə Dubayda evlər alıb: "Futbolçu ömrü qısadır. Bu üzdən əksər oyunçular karyerasını bitirdikdən sonra qeyri-sabit maliyyə durumunda olur. Digərləri isə oynadığı illərdə toplanan vəsaitlə sərfəli investisiyalar edir. Yassin Benzia da belələrindəndir. O, Dubayda evlərin qiymətlərinin yüksəlməsindən öncə burda daşınmaz əmlak alıb. Bütün dünyanın turistləri üçün populyar olan şəhərdəki investisiya qoyulan xərci çıxartması üçün çox gözləmək lazım gəlməyib. Benzia təkcə təhlükəli futbolçu deyil, həm də əla biznesmendir".

 

Əlcəzairlilər həmyerlilərinin futbolçu həyatına da toxunub, onun "Qarabağ"da qalmayacağını proqnozlaşdırıb: "Fransa və Almaniya klublarının Benzianı transfer siyahısına daxil etdiyi deyilir. Avropa Liqasında vurduğu qollar onu məşhurlaşdırıb. İndi onun Azərbaycan çempionatında qalacağı, yoxsa Qərbi Avropa, hətta "Böyük beşlik" klubuna keçəcəyi sual doğurur. "Qarabağ"ın hücumameylli futbolçusu karyerasının həlledici dönüş nöqtəsindədir. O, bunu açıq şəkildə müzakirə etməkdən boyun qaçırsa da, hazırda nümayəndələri ilə Azərbaycandan getmək variantlarını nəzərdən keçirir".

 

Qeyd edək ki, karyerası ərzində "Lion", "Lill", "Fənərbaxça", "Olimpiakos", "Dijon" və "Hatayspor"da oynamış Benzia 2023-cü ildən "Qarabağ"ın formasını geyinir.