AFFA-nın keçirdiyi Region Liqasının ilk 1/4 finalçısı olan "Cəbrayıl" Cəbrayıl rayonunun millət vəkili Ceyhun Məmmədovla görüşüb. Klubun baş məşqçisi və prezidenti Cavid Hüseynov Sport24.az-a açıqlamasında bu görüşün çoxdan nəzərdə tutulduğunu söyləyib: "Sadəcə, indiyə qismət oldu. Bir sıra məsələlərdən danışdıq - komandanın yaranmasından, fəaliyyətindən, ümumi, gələcəkdə qarşılaşacağımız problemlərdən, çatışmazlıqlardan. Çox sağ olsun Ceyhun müəllim, bizi dinlədi. Orda da vurğuladıq ki, birlik-bərabərlik nümayiş etdirib, sidqi ürəkdən kim istəyirsə, canı könüldən olmalıdı bu iş. Necə ki cani-könüldən istəmişəm bu klubun yaranmasını, ilk təsisçisi olmuşam. Cəbrayıl iş adamlarından hansılar ürəkdən istəyirlər kluba bir xeyirləri toxunsun, klubun gələcəkdə də uğurları üçün çalışsınlar. İnşallah, Ceyhun müəllim bu yöndə fəaliyyətini aparacaq, iş adamlarını dəvət edəcək".
Hüseynov planların qısamüddətli yox, gələcəyə hesablanan olmasını vacib sayır: "Ümumiyyətlə, biz özümüz də bunda maraqlıyıq. Düzdür, futbolun içindən çıxan adamlarıq, futbol bizim peşədi. Nəyin necə lazım olduğunu şükür Allaha, təcrübəmizə əsasən bilirik. Amma hər görüşümüzdə vurğulayırıq, dəfələrlə təkrarlayırıq ki, planlarımız uzunmüddətli olsun, tez alışıb-tez yanmaq söhbəti olmasın. Gələckdə də klub yaşasın, daim uğurlar qazansın. İnşallah, Cəbrayılda tez bir zamanda stadionumuz tikilsin və ora köç edək, orda fəaliyyətimizi davam etdirək. Ümumi belə bir fikirlər oldu. Sağ olsun Ceyhun müəllim, söz verdi ki, əlindən gələni edəcək kluba öz dəstəyini nümayiş etdirməklə bağlı - həm özü, həm bayaq vurğuladığım müxtəlif iş adamları tərəfindən".
Xatırladaq ki, "Cəbrayıl" keçən yay yaranaraq Region Liqasında ilk mövsümünü keçirir.
MEHMAN SÜLEYMANOV