"Qəbələ" evdə həqiqətən çox yaxşı oynadı. Düzdür, buraxdığı qollar adamı bir az məyus elədi. Üstəlik, baş hakimin qapımıza təyin etdiyi penaltinin yanlış olduğunu düşünürəm. Belə qərar əməlli-başlı haqsızlıq oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynov deyib.
Konfrans Liqasının II təsifat mərhələsində Kiprin "Omoniya" klubuyla ilk matçı dəyərləndirən gənc mütəxəssis 2:3 hesablı məğlubiyyətə baxmayaraq, keçmiş komandasının oyununa müsbət qiymət verib: "Düşünsək ki, "Qəbələ" yenidən formalaşır, əsas heyətin bir çox futbolusu getmişdi, yenilər gəlmişdi - çox yaxşı təsir bağışladı. Düzdü, iki duran topdan qol buraxdıq. İlk qolda qapıçının yüz faiz səhvi vardı. İkinci isə rəqib futbolçunun ustalıq səviyyəsini göstəricisi idi. Amma "Qəbələ"nin şansı qalır. İnanıram ki, orda ən azından minimal hesabla da olsa qalib gələ bilər".
Həmsöhbətimiz ona yaxşı tanış olan Kiprdəki ab-havanı belə səciyyələndirib: "Həqiqətən orda ab-hava tam fərqlidi. "Qəbələ"nin də bu yöndə klub olaraq təcrübəsi var. İnşallah, dua edək ki, Kiprdəki matç bizim üçün yaxşı olsun".
Məlumdu ki, Hüseynov "Qəbələ"nin heyətində avrokuboklarda məhz kirplilərlə - konkret olaraq 2015-ci ildə Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la qollar vuraraq mərhələ adladığı matçlardan sonra nəinki klubdan, 15 ay futboldan kənarda qalmalı olub. Maraqlıdı, o, futbolçu karyerasının ən yaxşı illərini keçirdiyi "qırmızı-qaralar"ın bu ölkənin təmsilçisi ilə növbəti duelini kənardan izləyəndə, hansı hisslər keçirib? Hüseynov yenidən Kiprə yollanmaq istədiyini dilə gətirdi: "Əlbəttə, "qırmızı-qara" formada olan komandanı yenidən avrokuboklarda görmək həqiqətən xoş oldu. İstəyərdim ki, oyunçu kimi orda olum, matçda iştirak edim. Amma zaman keçib. İnsanda istər-istəməz xatirələr qalır. Çünki bunlar yaşanıb. Xatirələrdə yaxşısı da var, pisi də. Yaxşıları yadda saxlayıb, pisləri unutmaq lazımdı".