O ötürmə olmasaydı, kim bilir, oyun necə bitəcəkdi... "Qarabağ"ın tarixi zəfərindən az qala bir həftə ötsə də, gözümüzün önündə həmin an hələ də canlanır. Mərkəz xətti yaxınlığında "Braqa" qaydanı pozur, topa yaxınlaşan Bədavi Hüseynov zərgər dəqiqliyi ilə Nəriman Axundzadəni qapıçı ilə randevuya göndərir. Arxasını özünüz bilirsiniz. Sport24.az-a danışan Ağdam təmsilçisinin təvazökar vitse-kapitanı Portuqaliya təmsilçisi üzərində parlaq oyunları şərh etdi.

 

- Bədavi, "Braqa" ilə 2 raundlu qarşıdurmadan həm öncə, həm də oyunların gedişində uğur qazanacağınıza inanırdın?
- Səmimi deyim ki, püşk Portuqaliya təmsilçisini bizə rəqib edəndə, işimizin xeyli çətin olduğunu düşündüm. Həqiqətən də adlı-sanlı rəqiblə mübarizə aparacaqdıq. Amma səfərdə ilk oyunun gedişatı göstərdi ki, onlarla oynamaq olar. Elə anlar oldu ki, "Braqa"nı üstələyirdik də. İstər Portuqaliyada, istərsə də Bakıdakı oyunlar bizim üçün çox çətin, həyəcanlı və şanslı oldu.


- Bakıdakı cavab oyununda rəqib təzyiq etdi, Elvin Cəfərquliyev meydandan qovuldu, rəqib qollar vurmaqla ümumi hesabı bərabərləşdirəndə pessimizə qapılıb hər şeyin əldən verildiyini düşündün?
- İlk oyunda səfərdə 4:2 hesablı qələbə qazansaq da, cavab qarşılaşmasının daha ağır olacağını bilirdik. Gümanımızda da yanılmadıq. "Braqa" gözlədiyimizdən də güclü təzyiq etdi. Elvinin qırmızı vərəqə almasından sonra işimiz daha da çətinləşdi. Rəqib hesabı 0:2 etdikdən sonra həyəcan bizi bürüdü. Amma oyuna əlavə olunan dəqiqələrdə Silva qolu vurandan sonra mərhələ keçməyə ümidləndik və irəli atıldıq. Hətta, rəqib hesabı 1:3 edəndən sonra da zəfərə inamımızı itirmədik. Şükürlər olsun ki, Nərimanın qolu ümidlərimizi doğrultdu. Azərbaycan futbolunu irəli apardığımız üçün çox xoşbəxtik. Söz yox ki, həmin gün fanatların coşqusu, dəstəyi inanılmaz idi.


- Və o möhtəşəm an: Bədavi topu saxlayar-saxlamaz, cərimə zərbəsini yerinə yetirir və uzun ötürməylə Nərimana təkbətək çıxma şansı yaradır...
- Topa sarı yaxınlaşanda Nərimanı heç kimin saxlamadığını gördüm. Qərar anidən gəldi: rəqib bir qədər konsentrasiyanı itirmişdi. Nəriman da əhsən ki, baxışımı gördü və irəliyə doğru açılmağa başladı. Xoşbəxtlikdən hakim müdaxilə edərək, oyuna yenidən başlamağı tələb etmədi. Emosiyalarımızı sözlə ifadə edə bilmirəm. Çox xoşbəxtəm ki, bütün xalqı sevindirdik. Bu, inanılmaz axşam idi!


- Avropa Liqasını 30 mindən çox fanatların qarşısında oynasaz da, ölkə çempionatını demək olar boş tribunalar önündə çıxış edirsiz. Bu hal barədə nə deyərdin?
- Avrokuboklardakı oyunlarımız ilə Premyer Liqamızdakı matçlar arasında fərqliliyin biri də tribunaların yetəri qədər dolmamasıdı. Təbii ki, bu futbolun gözəlliyini pozur, futbolçularda isə motivasiyanı azaldır  Buna rəğmən əldə etdiyimiz qələbələrdən rahatlaşmırıq. Əksinə, məsuliyyətimizi anlayır və qarşıya qoyulan hədəfə inamla irəliləyirik. İnanıram ki, Premyer Liqada da yaxın gələcəkdə tribunalar dolacaq.


- Sən tək "Qarabağ"ın yox, həm də Azərbaycan yığmasının təcrübəli futbolçususan. Necə düşünürsən, komanda yoldaşın Nəriman Axundzadə yaxın illərdə Ramil Şeydayev, Mahir Emreli kimi forvardlarımızı geridə qoya bilər?
- O, böyük futbolda addımlarını yeni atır. Buna rəğmən, onun Azərbaycanın "1 nömrə"li hücumçusuna çevrilmək üçün potensialı var. Bunun üçün üzərində daha çox işləməli, məşqçilərimizin tapşırıq, tövsiyələrinə əməl etməlidi. Biz də komanda yoldaşımıza hər cür dəstəyimizi verir, onunla təcrübəmizi bölüşürük.


- "Bayer" səddini də keçəcəyinizə inanırsan?
- Almaniya təmsilçisiylə 2 dəfə oynamışıq. Az-çox onların gücünə bələdik. Amma bizim üçün "Braqa"dan da çətin olacaq. Futbol elə bir idman növüdü ki, əvvəlcən nəticənin necə olacağını bilmək olmur. Elə bunun özü bizim üçün başlıca motivasiyadı. Cüzi şansımız varsa, bundan maksimum yararlanmağa çalışacağıq.


- Bu ay yığmamız Monqolustan və Bolqarıstanla yoldaşlıq oyunları keçirəcək. Ölkənin əsas komandasının "sükanı arxası"nda kimin yer alacağı da böyük ölçüdə həmin vaxta aydınlaşacaq. Səncə, Azərbaycan seçməsinə yerli, yoxsa əcnəbi baş məşqçi rəhbərlik etməlidi?
- Bu, mənə aid olan sual deyil. Millinin baş məşqçi postunda kimin yer alacağına cavabdeh olan bəlli qurum var, onlar bilər. Mənim işim yığmaya dəvət alanda, formasını geyinəndə, haqqını verməkdi. Qarşıda bizi 2 yoldaşlıq matçı gözləyir. Həmin oyunlar Millətlər Liqasına hazılığımız üçün əhəmiyyətlidi. Bolqarıstan və Monqolustanla qarşılaşmalar miniturnir xarakterlidi. Evdə oynayırıq. Yaxşı çıxış edib qələbə qazanmağa çalışmalıyıq. Yığmamızın fanatlarını sevindirmək istəyirik.


POLAD AZƏR