"Qəbələ"nin kapitanı Asif Məmmədov Sport24.az-a müsahibə verib. Təcrübəli futbolçu həm komandasının "Səbail" ilə oyununu dəyərləndirib, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.

 

- Uzun fasilədən sonra nəhayət ki, uğursuzluğa son qoymağı bacardız…
- Artqı hər şey bəllidi, sonuncu olmağımız rəsmləşib. Ona görədə uşaqlar meydana həyəcansız, təzyiqsiz çıxmışdılar. Hesabda geri olmağımıza baxmayaraq, yaxşı oyunla layiqli qələbə qazandıq. "Səbail" ilə qarşılaşmada həyəcansız, rahat oynadıq və istəyimizə nail olduq. Bütün oyunlarımız belə keçsəydi əla olardı.

 

- "Səbail" ilə görüşdə heyətdə yetərincə dəyişikliklər var idi. Akademiyanın bəzi yetirməri start heyətində yer almışdı. Təcrübəli futbolçu kimi onların çıxışını necə qiymətləndirirsən?
- Uşaqların debütü pis alınmadı. Onların arasında ilk dəfə əsas komandanın formasını geyinənlər var idi. Elitada debüt etmələrinə baxmayaraq, həyəcanlarını boğub yaxşı mübarizə
apara bildilər. Bu "Qəbələ" üçün ümidverici siqnaldı. Gələcəkdə bu oyunçulara çox ehtiyacımız olacaq. Onlar bizi irəli aparacaqlar.

 

- Bu gün ilk dəfə debüt edən İbrahim Ramazanov penaltiyə səbəb oldu. Paltardəyişmə otağında gənc futbolçuya nəsə dediz?
- Əlbəttə. Onu inandırmağa çalışdıq ki, səhvsiz inkişaf olmur. Əsas odur ki, İbrahimin səhvi sonda bizi məğlubiyyətə yox, qələbəyə daşıdı.

 

- Elitanı tərk edəcəyiniz rəsmiləşib. Belə olan halda meydana hansı motivasiya ilə çıxırsız? Qarşıdakı 3 turda hədəfiniz nədi?
- Sonuncu olacağımız dəqiqləşib. Bundan sonra maksimum yaxşı performans ortaya qoyub  daha çox xal qazanmaqla qapını möhkəm çırpmaq istəyirik.

 

- "Qəbələ"nin üzvü kimi yox, təcrübəli futbolçu kimi fikirini bilmək istərdik. "Qırmızı-qaralar"a güzəşt olunmalıdı, yoxsa idman prinsipi əsas götürülməlidi?
- Komanda sayı artacaqsa, bizə güzəşt olunmalıdı. Söhbət hansı güzəştdən gedir?  Fikrimcə, I Liqanın üçüncüsü ilə pley-off oynamağımıza şans verilsə pis olmaz. Amma bir komanda gedib, aşağı liqanın çempionu elitaya yüksəlməlidisə, biz getməliyik. Ümumi götüründə idman prinsipini hər şeydən üstün tutulmalıdı. "Qəbələ" keçmişi olan, ölkə futbolunda tarix yazan, peşəkar klubdu. Odur ki, I Liqaya düşməyimizi faciəyə çevirməməliyik. Əksinə, daha inadla mübarizə aparıb aşağı liqada çempion olmaqla güclülər dəstəsinə geridönüş etməliyik.

 

- 38 yaşlı Asif Məmmədovu I Liqada mübarizə aparan "Qəbələ"də görə bilərik?  
- Başqa klubla formasında I Liqada oynamaram. Amma "Qəbələ" ilə istənilən liqalarda çıxış edərəm.

ABDULLA İSMAYILOĞU