"Araz-Naxçıvan" Misli Premyer Liqasının 22-ci turunda "Liv Bona Dea Arena"da "Zirə"yə 0:1 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Bu gün meydanda başqa komanda gördük. Deyə bilərəm ki, artıq irəli getmişik. Pis oynamadıq. Qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Futbolda belə hallar olur. Qol vurmusansa, sənə qol vururlar. Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi. Bu gün futbolçularımızın gözündə alov var idi, istəkli idilər. Bu, sevindiricidir.

 

- Nuno Rodriqes sizin gəlişinizdən sonra az oynayır. Bu gün isə öz mövqeyində oynamadı. Sanki fərqli mövqedə çıxış etmək futbolçunun əl-qolunu bağlayır...

- Mənim üçün əsas olan məşqdir. Futbolçu məşqdə nə göstərirsə, oyunda da onu göstərir. Hansı oyunçu məşqlərdə verdiyim tapşırıqları tez qəbul edirsə, o da start heyətində başlayır. Bu gün Nunoya şans verdik. O da özünü çox yaxşı göstərdi. Biz ondan razı qaldıq.