"15-20 il əvvəl bir mərhələ keçəndə sevinirdik. İndi komandalarımız daha uğurlu çıxış edir. "Zirə"nin rəqibi "Hayduk" güclü komandadır". Bu sözləri Sport24.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Mütəxəssis "Zirə" və "Araz-Naxçıvan"ın Konfrans Liqasındakı oyunlarından gözləntilərini açıqlayıb:

"Xorvatiya futbol ölkəsidir. Əsas özümüz hazır olmalıyıq. "Zirə" öz oyunu ilə mərhələni adlayacaq. Heyət qorunub, oyun üslubu var, transferlər də olsa, şansları çoxalacaq. Ümumiyyətlə, yay hazırlığı yaxşı olmalıdır. "Araz-Naxçıvan" isə Fransadan hücumçu gətirdi. Əsas heyəti qoruyub, saxlamaqdır ki, bu da klubda var. "Zirə" və "Araz-Naxçıvan" bu mərhələni keçməlidir".

O, həmçinin Misli Premyer Liqasında növbəti mövsümlə bağlı gözləntilərini bölüşüb:

"Limitin ləğv olunması ilə əlaqədar yerli futbolçular əziyyət çəkəcək. Legioner gətirsələr, yerlilər nə olacaq? Onlara da şans verilməlidir. Zərbə yığmamıza deyəcək. Onsuz da yığmadakı bəzi oyunçular klublarında az çıxış edirdi. Bundan sonra ola bilər heç oynamasinlar. Klublarda yerli futbolçular mütləq olmalıdır. "Sabah"ın Avropa Liqasındakı oyununa bir aydan az vaxt qalıb. Baş məşqçi yoxdur. Bu, çox qəribə haldır. Kluba çox pis təsir edə bilər. 20 günə avrokuboklara hazırlaşmaq qeyri-mümkündür. Rəhbərlik bu barədə nə düşünür, bilmirəm. Yeni transferlərlə də bağlı səs-soraq yoxdur. Transferlər etmək lazımdır. Bu olmasa "Sabah" Sloveniya təmsilçisi ilə oyunda əziyyət çəkəcək". 

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.