Məşqçilər Komitəsinin üzvü, təcrübəli Ağasəlim Mircavadov Sport24.az-a müsahibəsində yığmanın son oyunu ilə bağlı fikirlərini bölüşüb.
- Millinin Belçika ilə oyunu barədə fikirlərinizi bilmək istərdik.
- İndi elə vəziyyətdi ki, həm futbolçular, həm də məşqçilər hər 90 dəqiqəyə sonuncu matç kimi yanaşmalıdı. Belçika Bakıya bir qədər arxayın gəlmişdi. Qarşılaşmadan öncə onların məşqlərini izlədim. Futbolçuların bəziləri heç düz-əməlli məşq etmirdilər. Sanki bizi saymır, bir ayaqla qələbə qazanacaqlarını düşünürdülər. Komanda sona qədər oynadı. Təəssüf ki, Emin Mahmudov qarşılaşmanın əvvəlində yaxaladığı real qol şansından istifadə edə bilmədi. Həmin an hesab açılsaydı, bəlkə də oyunun gedişi başqa cür olardı. Hiss olunurdu ki, rəqibin baş məşqçisi artıq əsəbləşib. Qapımızda gördüyümüz qol da bir qədər qəribə oldu. Bir sözlə, əvvəlki 3 görüşlə müqayisədə, milli bu dəfə yaxşı oyun sərgilədi. Buna baxmayaraq, çatışmazlıqlar da var idi. Məsələn sağ cinah demək olar ki, işləmirdi. Toral Bayramov – Rahil Məmmədov tandemi bir qədər kölgəyə çəkilmişdi. Elə bu səbəbdən baş məşqçi Toralı ikinci hissədə dəyişdi.
- Söhbət əsnasında “həm futbolçular, həm də məşqçilər hər 90 dəqiqəyə sonuncu matç kimi yanaşmalıdı” söylədiz. Bundan sonra belə yanaşma nəyi dəyişəcək?
- Bunu qrup sonuncusu olmamaq və gələcək oyunlar baxımından qeyd etdim. Bu gün qarşılaşacağımız İordaniyanın baş məşqçisinin açıqlamasını oxudum. Deyib ki, Azərbaycan Avropanın zəif komandalarından biridi. Bu sözləri eşitməmək üçün hər oyuna xal və xallar üçün çıxmaq lazımdı. Fərqi yoxdu, bu rəsmi oyundu və yaxud yoldaşlıq görüşü. Hər məğlubiyyət kollektivə psixoloji cəhətdən pis təsir edir. Komandanın özünə inanması üçün qələbə vacibdi. Bir də hər bir komandada liderlər olmalıdı. Məhz həmin futbolçular çətin anda kollektivi arxasınca aparmağı bacarmalıdı. Yığmanın lideri kimi Emin Mahmudovu qəbul edirik. Ancaq bu gün Mahmudov da özünə gələ bilmir. Ümumiyyətlə, futbolçu akademiyada və klubda yetişir. Milliyə hazır oyunçu gəlməlidi. Neçə illərdi bu barədə danışırıq.
- Qrupda 4-cü və ya 5-ci olmağın böyük ölçüdə nə fərqi var? Neçə illərdi ancaq bunu danışır, heç olmasa sonuncu olmayaq deyirik. Nə vaxta kimi belə davam edəcək?
- İrəli getmək, milli səviyyəsində beynəlxalq arenada uğur qazanmaq istəyiriksə, akademiyalardan və klublardan başlamalıyıq. Mən həmişə “milliləşdirmənin” əleyhinə olmuşam. Ancaq bu gün İspaniya millisində də “milliləşdirilmiş”lər oynayırsa, nə deyək? Fikrimcə, bəzi axsayan mövqelərə özünü yaxşı tərəfdən göstərən “milliləşdirilmiş” futbolçu dəvət etmək olar. Ancaq komandanın onurğa sütununu yerli oyunçular təşkil etməlidi. Bu səbəbdən inkişafa təməldən başlamalıyıq. Lüksemburq yığmasını yaxından izləyirəm. Son illər çox inkişaf ediblər. Lakin dünən Portuqaliya ilə matçda demək olar ki, top saxlaya bilmədilər. Belə hallar futbolda yaşanır.
- Söhbət əsnasında tez-tez “sonuncu oyun” ifadəsini işlədirsiz. Sanki bununla Canni de Byaziyə siqnal ötürürsüz?
- İtalyan mütəxəssisin müqaviləsi var. Ona görə də söylədiklərimi ona şamil etməyin. Anlaşmanın müddəti başa çatmadan onunla yolları ayırsaq, təzminat ödəməliyik. İndiki məqamda onunla vidalaşmaq yersizdi.
- Sonda Premyer Liqa ilə bağlı fikirlərinizi bölüşərdiz. Artıq 5 tur geridə qalıb. Ümumi mənzərə necədi?
- Əvvəlki illərdən, daha dəqiq desəm, yaxın keçmişdəkindən fərqli, maraqlı çempionat izləyirik. Son illər çempionluğuna alışdığımız “Qarabağ”ın hələ relsə düşmədiyi hiss olunur. Ağdamlılar qitəmiqyaslı turnirdə özlərini yaxşı tərəfdən göstərsələr də, Premyer Liqada hələ ki, istədiyi yerdə deyil. Komanda hər oyun çox qol vəziyyəti yaradır, ancaq son nöqtəni qoymaqda çətinlik çəkir. Cari mövsümdə “Zirə”, “Turan Tovuz” yaxşı start götürüb. “Səbail” də iki iddialı komandadan xal alıb. Narazı qaldığım məqam legionerlərlə bağlıdı. Bu yay demək olar bütün komandalar heyətlərinə çox sayda əcnəbi dəvət etdilər. Ancaq bu günə kimi adından söz etdirən, oyunu ilə xüsusi fərqlənən legioner görmürəm.
RƏŞAD QASIMOV