"Azərbaycanın U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliyaya məğlubiyyətinin səbəbi futbolçuların təcrübəsizliyidir". Sport24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov deyib.
Mütəxəssis məğlubiyyətə baxmayaraq, milliyə yaxşı futbolçular cəlb olunduğunu vurğulayıb: "Əlbəttə, belə hesablar adamı üzür. Baxmayaraq ki, Portuqaliya kimi komandanı məğlub etmək bu gün real görünmür. Həqiqətən onlar həmişə bizdən həm səviyyə, həm də nəticə baxımından üstün olublar. Ancaq düşünürəm ki, milliyə yaxşı futboçular cəlb edilib. Hansı ki, bir-iki ildən sonra əsas yığmaya dəvət ala bilərlər. Məğlubiyyətlərin əsas səbəblərdən biri budur ki, uşaqlar öz komandalarında az oynayırlar, təcrübə çatışmazlığı var. Əsasən əvəzedici heyətdə və daha aşağı yaş qruplarında çıxış edirlər. Sonra birdən-birə güclü rəqiblərin qarşısına çıxırlar. Uşaqları qınamıram və zəif olduqlarını demirəm. Sadəcə, az oynayırlar".
AFFA rəsmisi komandanın baş məşqçisi Ayxan Abbasova vaxt verilməli olduğunu düşünür: "Ayxan Abbasov gəldikdən sonra komandanın durumu yaxşıdır. Hazırlıq, yoldaşlıq görüşləri keçiriblər. Ayxan gənc məşqçilərdəndir. Klubda çalışıb, təcrübəsi var. Mənə elə gəlir ki, gələcəkdə yaxşı olacaq. Hər bir məşqçiyə nəticə üçün vaxt lazımdır. Ona inanmalıyıq. Hamı gəlib birdən-birə nəticə vermir ki. Ayxan komandanı formalaşdırmalı, möhkəmlənməli və taktikasını qurmalıdır. Hər şeyi nəticəyə bağlamaq düzgün deyil. Bizə lazımdır ki, azərbaycanlı futbolçular yetişsin".
O, Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasının da müəyyən rol oynadığını söyləyib: "Limitlə bağlı AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunmuşdu. Buna hazırlaşmalı idik. Razıyam ki, bir çox futbolçular limitə görə şans qazanmır. Amma eyni zamanda onun da deməliyəm ki, güclü olan oynamalıdır. "Şamaxı"da, "Qarabağ"da daim yerli futbolçular oynayır. Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov və başqa yerlilər həmişə şans qazanır. Yenə də düşünürəm ki, millinin belə nəticələr göstərməsinin ən böyük səbəbi uşaqların az oynamalarıdır. Yoldaşlıq görüşlərində çıxış etməlidirlər".
Qeyd edək ki, ötən gün baş tutan Portuqaliya - Azərbaycan matçı meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.