"Toplanışın ilk mərhələsini başa vurmuşuq. İndi isə bizi ayın 21-də "Qəbələ", 26-sı, "Şamaxı", 31-də isə "Sumqayıt"la yoldaşlıq oyunları gözləyir". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

48 yaşlı mütəxəssis komandasının növbəti mövsüm üçün hədəflərindən danışıb:

"Yeni mövsümdə komandanın hədəfi Premyer Liqada qalmaqdır. Məqsədimiz 2025/26 "futbol ili"ni minimum 7-8-ci pillədə başa vurmaqdır. Ötən ilki heyətdən gedənlər çox oldu. Təbii ki, bunun təsiri olacaq. Demək olar heyətin 70-80 faizi ilə yolları ayırdıq. Əsas səbəb isə futbolçuların daha çox maaş istəməsi idi ki, bu da bizim imkanlarımız xaricində idi. Buna görə onlarla yola davam edə bilmədik. Məcburiyyətdən heyətə bizə uyğun şərtlərlə yeni futbolçular cəlb etdik. Bunun da təsiri olacaq. Bizə minimum 2 ay vaxt lazımdır ki, istədiyimiz oyun üslubunu komandaya aşılayaq". 

Qeyd edək ki, ki, Şükürov 2023-cü ilin noyabrından 2024-cü ilin avqustuna kimi "sarı-göylər"i çalışdırıb. O, bu yay yenidən "Kəpəz"in "sükanı arxasına" keçib.