Premyer Liqanın XXXIII turunda "doğma divarlar" arasında "Qəbələ"yə məğlub olan "Səbail" avrokuboklara yollanmaq şansını itirib. "Dənizçilər" qarşıdakı 3 oyunda meydana ancaq baxımlı oyunla azarkeşlərini sevindirmək üçün çıxacaq. Paytaxt təmsilçisinin Bosniya və Herseqovinadan olan legioneri Adi Mehremiç Sport24.az-a müsahibəsində həm geridə qalan qarşılaşmaları dəyərləndirib, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.

 

 

- "Kəpəz"lə oyunda meydandan qovulmağın deyəsən sənə baha başa gəlib. Əsas heyətdə yerini itirmisən...
- Həmin oyun barədə çox danışmaq istəmirəm. Yenə deyirəm, mən hakimi söyməmişdim. Sadəcə, ona haqlı olaraq etiraz etmişdim. Amma kimə həqiqəti sübüt edəsən? 5 nəfər səni (VAR hakimlərini də nəzərdə tutur - red) səhv çıxarmaqda maraqlıdısa, sən heç nə edə bilməzsən. Haqsızlığa məruz qalsam da,  hər şey geridə qalıb. Amma heç nəyi unutmamışam. Ümid edirəm ki, bir də belə haqsızlığa məruz qalmaram.



- Autsayder "Qəbələ"yə məğlub olmaqla avrokubok şansınızı itirdiz...
- "Qəbələ"ni aşağılamaq istəmirəm. Amma bu məğlubiyyətə layiq deyildik. Onlarla daha rahat və diqqətli oynayıb bizə lazım olan 3 xalı götürməliydik.
Heyif ki, bunu bacarmadıq.

 

- Qarşıdakı 3 turda meydana hansı motivasiya ilə çıxacaqsız?
- Yanvardan sonra potensialımızdan aşağı çıxış etdik, oyun ritmini itiirdik. Qələbə qazanmalı olduğumuz qarşılaşmalarda məğlub olduq. Üstün olduğumuz oyunlarda xallar itirdik. Amma ümumi götürəndə yaxşı komandamız var. Heyətimizdə səviyyəli oyunçular çoxdu. Fikrimcə, hazırkı heyətimizi qorusaq və bir qədər də güclənsək, gələn mövsüm daha  iddialı olacağıq. Qarşıda hələ 3 tur var və maksimum xal toplayıb 6-cı yerdəki mövqeyimizi qorumalıyıq.


- "Səbail" ilə müqavilən dekabrda başa çatır. Mövsümlərarası fasilədə başqa klubdan təklif gəlsə dəyərləndirə bilərsən?
- Düzdü, qışa qədər müqaviləm var. Amma nələrin olacağını, hansı dəyişiklərin baş verəcəyini bilmək olmaz. Mövsümün bitməsini gözləyirəm. İstənilən halda ilk danışıq aparacağım komanda "Səbail" olacaq.


ABDULLA İSMAYILOĞLU