"Oyundan öncə futbolçulara dedim ki, rəqibin sonuncu yerdə olması bizə rahatlıq verməməlidir. Matçın çətin olacağını bilirdik. "Zirə"yə məğlubiyyətdən sonra bir az təzyiq var idi. Qələbə yaxşı oldu". Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis matçın gərgin keçdiyini, həyacanlı oyun alındığını vurğulayıb: "Kənardan bir az çox qışqırdıq. Əsas odur ki, qələbə qazandıq, yaxşı əhval-ruhiyyə ilə "Keşlə"ylə qarşıdakı matça hazırlaşacağıq".

Abasovun sözlərinə görə, komandası əvvəlcədən beşli müdafiə ilə oynayıb: "Sadəcə, Talisson Diası oyuna saldıq. Onun fərqli keyfiyyətləri var. Ahmed Ahmedov isə 2-3 oyun keçirib. Bəlkə də ondan həddindən artıq çox şey istəyirik. Matça zədəli çıxmışdı. Zədələndiyi yerdən də zərbə aldı. Özü oynamaq istəyirdi. Biz əlimizdəki hücumçularla nəticə qazanmaq istəyirik".

Baş məşqçi oyunları evdə və ya səfərdə oynamağın o qədər önəm kəsb etmədiyini söyləyib: "Bütün matçlar demək olar ki, Bakıda keçirilir. Ən uzaq səfərimiz Sumqayıtdır. Dincəlməyə, rahatlaşmağa vaxtımız yoxdur. Öz oyunumuzu fikirləşirik. İtirəcəyimiz xal bizi panikaya sala bilər, o qorxu bizdə var. Bizdən əvvəl "Qarabağ" oynadı. Onlar xal itirsələydi belə, rahatlaşmayacaqdıq. Qarşımıza məqsəd qoymuşuq və hədəfə çatmaq istəyirik".

Abasov bildirib ki, çox futbolçunun çempion olmamasının, çoxdandı çempionluğun qazanılmasının komandaya təsiri var: "Komandamızda bir-iki nəfər nə vaxtsa çempionluq sevinci yaşayıb. İnanıram ki, bu ruhu yaxalayıb istəyimizə çatacağıq. Bundan əvvəlki illərin təcrübəsidir ki, bizim çempion olmağımıza inanmırlar. "Qarabağ"da futbolçuların oynaması çox rahatdır. Biz hələ ki, bunu edə bilmirik. Biz oyuna cərəyan vurmuş kimi çıxırıq və elə də qayıdırıq"

"Neftçi"nin çalışdırıcısı Sabir Buqrinin yersiz vərəqələrə görə problem yaşaya biləcəyini istisna etməyib: "Futbolçuların hamısı istəklidir. Sabir Buqrin sarı vərəqə alsa, onun üstünə getmərəm. Onda onu itirmək təhlükəsi ilə üzləşərik".