Başa çatmaqda olan 2020-ci ildə dünyanın ən yaxşı futbolçusunun adına aydınlıq gəldi. Belə ki, FİFA-nın "The Best" mükafatının qalibi ilk dəfə Robert Levandovski oldu. "Bavariya"nın və Polşa yığmasının 32 yaşlı hücumçusu layiq olduğu mükafata nəhayət, qovuşdu. Millimizin italiyalı baş məşqçisi Canni de Byazinin də 1-ci yerə səs verdiyi Levandovski indiyədək avrokuboklarda 78 qol vurub ki, bunun ilki məhz Azərbaycanda reallaşıb. Bəli, bu faktdı ki, Robert hələ 20 yaşında olarkən avrokubokarda debütünü "Lex"də reallaşdıraraq UEFA Kubokunda "Xəzər Lənkəran"la Tofiq Bəhramov adına Respublika stadionundakı matçda 75-ci dəqiqədə vurduğu yeganə qolla komandasına qələbə qazandırıb. Robert həmin qolu isə 3-cü ildir millimizin qapıçılarla işləyən məşqçimiz Dmitri Kramarenkoya vurub. 46 yaşlı veteran qapıçıyla söhbətimizdə həm bu seçimlə bağlı danışdıq, həm də tarixə səyahət edərək nostalgiyaya qapıldıq. 

 

- Dima, işlərin necədi?

- Qaydasında. Yaxında Moskvaya gəlmişəm. Neçə vaxtdı burda olmamışdım - 1 il. 2020-ci il başa çatır, bu il ilk dəfə gəlmişəm Rusiya paytaxtına (gülür). İmkan oldu, bilet vardı, dərhal aldım, gəldim. Gördüyünüz kimi, ölkəmizdə karantin rejimi yenidən sərtləşdirildi. İnşallah, yeni ili burda olub, yanvarın 15-də  Bakıya qayıtmağı planlaşdırıram. Moskvada veteran futbolçulardan kimləsə görüşə bilməmişəm. Hələ ki ev işləriylə, əkiz qızlarımla məşğulam. 

 

- Necədi gimnastikayla məşğul olan qızın Lalə?

- Onu Tokio Olimpiadasına hazırlamaq istəyirlər. Sadəcə, məlum deyil gələcəkdə vəziyyət necə olacaq. Çünki koronavirus pandemiyası hər sahəyə mənfi təsirini göstərir. Olimpiada azarkeşlərlə olacaq, ya yox - bilinmir. Ancaq istənilən halda, qızım səylə hazırlaşır, gündə 8 saat məşq edir.  

 

- Gimnastikadan keçək futbola, sənə zəngimin əsas məqsədi də budu. Dünyanın ən yaxşı futbolçusu seçildi...

- Hesab edirəm ki, tamamilə düzgün seçim oldu. Həqiqətən bu il dünyanın ən yaxşı futbolçusu Levandovski oldu və mükafatın ona verilməsiylə ikiəlli razıyam. Üstəlik, son 2 ildə Robert necə oyun göstərir, necə tərəqqi edir. Bu zaman başqa nədən danışmaq olar...Levandovski həqiqətən ən yaxşı idi və bunu ilk il deyil sübüt edib. O, hazırda dünyanın ən yaxşı futbolçusudu, hücumçusudu. 

 

- Yəni, bu mükafatda 12 ildir hegemonluq edən Ronaldo və Messinin dövrü yavaş-yavaş arxada qalır. Üstəlik, Levandovski bu il "Bavariya"yla Çempionlar Liqasının qalibi oldu...

- Bilirsiniz, indi bütün komanda haqda yox, futbolçunun fərdi keyfiyyətlərindən danışırıq. Səviyyəli hücumçuya xas olan ən yaxşı keyfiyyətlər Robertdə cəmləşib - başla əla oynayır, hər iki ayaqla əla zərbələr vurur, ucaboylu, cüssəli forvarddı, texnikası, koordinasiyası yaxşıdı. Bu il hər matçda minimum 1 qol vurur - istər Çempionlar Liqasında, istərsə də Bundesliqada. Levandovskinin gənc olduğunu da deyə bilmərik axı...

 

- Elədi, artıq 32 yaşı var...

- Bu yaşda belə yaxşı formada olmaq - bu, işinə peşəkar yanaşdığının göstəricisidi. Messi və Ronaldoya gəlincə, onlar dahi futbolçulardı və heç kim bununla mübahisə etmir. Sadəcə, bugünkü gündə mənim üçün ədalətli seçim məhz Levandovski idi.

 

- Bu futbolçu haqda məhz sənin fikirlərini öyrənməyimi təsadüfi sayma. Çünki Levandovski avrokuboklarda ilk qolunu 12 iil əvvəl - hələ 20 yaşında olarkən məhz Dmitri Kramarenkoya vurub. Bunu xatırlayırsan?

- (gülür) Bunu indi mənə xatırlatdın, ancaq düşünürdüm ki, ilk qolunu mənə vurmayıb. Bir tərəfdən, xoşdu ki, dünyanın ən yaxşı futbolçusuyla belə bağlığın var. Ancaq digər tərəfdən, xoş deyil sənə qol vurulanda. 

 

- İstənilən halda, fakt faktlığında qalır...

- Aydındı, əla faktdı. Nə yaxşı kimi bunu mənə xatırlatdın. Afərin, halaldı sənə! Heç bilmirdim bunu. Bu formada mən də tarixə düşdüm, qürurlanmağa yerim var (gülür). Həqiqətən səviyyəli hücumçudu Levandovski. 

 

- Bəs həmin oyunu, sənə vurduğu qolu necə xatırlayırsan?

- Çox çətindi həmin epizodu yada salmağım. Ancaq onu xatırlayıram ki, çox yaxşı oyun idi. Ümumiyyətlə, həmin vaxtlar bağlı xoş nostalgiya var. O vaxtkı "Xəzər Lənkəran"ı çox yaxşı xatırlayırsan. Doğrudan güclü komandamız, yüksək səviyyəli futbolçularımız vardı. Özü sə istər yerli, istərsə də əcnəbi oyunçular. Həmin dövrdə ümumilikdə Azərbaycan çempionatı daha yüksək səviyyədə idi. Bunu indi nə qədər üzücü olaraq deməli olsaq da. Hesab edirəm ki, layiqli oyun göstərirdik. Ümumilikdə maraqlı matç alındı, bunu yaxşı xatırlayıram.

 

- Necə düşünürsən, Robert səni xatırlamasa da, Avropada ilk qolunu Azərbaycan klubuna Bakıda vurduğunu xatırlayar?

- Bunu yada sala bilməsə, ona sənin kimi peşəkatr jurnalistlər xatırladarlar (gülür). 

 

- Maraqlıdı ki, Polşada böyük hesabla - 4:1 qalib gəlsələr də, bu dəfə Robert qapına yol tapa bilməmişdi...

- Bu matçla bağlı əsas xatırladığım odur ki, ikinci hissədə futbolçumuzu meydandan çıxardılar.

 

- Bəli, Elmar Baxşıyev 2-ci sarı vərəqə alaraq qovuldu...

- Doğrudu. Bundan sonra bizdə uğursuzluq başladı. Hərçənd, bunadək fasiləyə 1:1 yollanmışdıq. Yeganə qolumuzu Zaur Ramazanov vurmuşdu. O, hətta hesab bərabərləşdirənsonra real qol imkanını da qaçırdı. Bundan sonra azlıqda qaldıq və üstünlük tam olaraq rəqibə keçdi. Stadionda atmosfer çox yaxşı idi. Bəli, onlar təbii ki olaraq öz komandalarına azarkeşlik edirdilər, özü də çılğın şəkildə. Ancaq həm matçdan qabaq, həm də sonra hər şeyin pozitiv olduğu yadımdadı. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV