"Səbail" qış fasiləsində bir yoxlama oyunu nəzərdə tutmuşdu ki, bu da dünən "Sabah"la onun meydanında baş tutdu. Matçda yeganə qol fasilədən az sonra qonaqların hücumçusu Rauf Əliyevin avtoqoluyla reallaşdı. "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Sport24.az-a müsahibəsinə ilk olaraq bu görüşü dəyərləndirməklə başladı. 

 

- Bu günə olan ən narazı qaldığımız məqam odur ki, meydançanı dəyişəndə futbolçular üçün həqiqətən çox ağır olur. Onlar süni qazondan təbiiyə keçəndə əziyyət çəkirlər. Amma oyunda razı qaldığımız çox şey var idi. Xüsusilə ilk hissədə daha çox qaldıq futbolçulardan. Hərəkətli olmaları, topa daha çox yiyələnmələri qeyd olunmalıdı. Səhv etmirəmsə, 3 qol epizodu yaxaladıq. Sadəcə, son nöqtəni qoya bilmədik. Ümumən bu gün futbolçulardan istədiyimiz daha çox hərəkətli olmalarıdı ki, qarşıdakı oyunlarda fiziki cəhətdən durumu yaxşılaşdıraq. Amma taktiki baxımdan da hazırlıqlı olmaq önəmlidi. Düşünürəm ki, matçın çox hissəsini düzgün oynadıq. İnşallah, bu oyunun faydasını qarşıdakı görüşlərdə də görərik. 

 

- Bombardiriniz Rauf Əliyev avtoqol müəllifi kimi yadda qaldı...

- Bu qola avtoqol deməzdim. Çünki Coşqun Diniyev cərimə zərbəsini vurarkən Rauf "canlı sədd"də dayananlardan biri idi və top ona dəyərək istiqamətini dəyişməsi nəticəsində tora qovuşdu. Bu zaman qapıçı üçün zərbəni dəf etmək çətin idi. Bunu avtoqol saymazdım, daha çox Coşqunun qolu kimi qələmə vermək lazımdı. Ümumən Rauf da oyunda aktiv rollardan idi. 

 

- Bundan sonrakı hazırlıq mərhələniz necə olacaq?

- Toplanışın ikinci hissəsi bir həftəlik nəzərdə tutulmuşdu. Oyundan sonra 1 gün də bazada qalırıq, bərpa prosesi keçirik. Bununla da təlim-məşq toplanışını başa vururuq. Ardından isə hazırlığımız "Neftçi" ilə çempionat görüşünə olacaq. Komandanı bir gün istirahətə buraxırıq. Qarşıdakı matçadək gündəlik məşqlərlə kifayətlənəcəyik. 

 

- Zədə baxımından narahat edən problem varmı?

 - Hər hansı ciddi zədəli olan futbolçumuz yoxdu. Məni narahat edən heyətimizin kasad olmasıdı. Qısa müddətdə çalışırıq ki, ən azı 1-2 yeni futbolçu dəvət edək. Hal-hazırda axtarışdayıq, danışıqlar aparırıq. Bilmirəm ki, bunu "Neftçi" ilə matçadək çatdıra biləcəyik, ya yox. Ancaq bu ayın sonunadək heyətimizi 2-3 transferlə artırmaq istəyirik. 

 

- Transferlər nə dərəcədə realdı? Konkret danışıqlar aparıdığınız legionerlər varmı? Kimlərdi?

-  Adlar var, sadəcə, danışıqlar yekunlaşmadığına görə ad açıqlamaq üçün bir qədər gözləmək lazımdı. 

 

- Sualı başqa cür qoyaq - hansı mövqeyin futbolçuları ilə danışıqlar aparırsınız?

- Hal-hazırda iki futbolçuyla - mərkəz və hücumammeylli, cinahda oynaya bilən yarımmüdafiəçi ilə danışıqlar gedir. Arxa xəttə də bir futbolçu istəyirik - daha çox müdafiənin mərkəzində rəqabəti artırmaq üçün. Həmin mövqedə hələ ki danışıqlara başlamamışıq. 

 

- "Neftçi"ylə matça transferlər olsa belə, onları uyğunlaşması necə olacaq? Qarşılaşmaya 1 həftədən də az vaxt qalıb...

- Söhbət təkcə bu görüşdən getmir. Tez gəlmələri ona görə lazımdı ki, qarşıda 4 gündən bir oyunlarımız var - "Neftçi"dən 3 gün sonra "Zaqatala"yla kubok, bundan 4 gün sonra isə "Qarabağ"la təxirə salınan səfər matçımız var. Bu görüşlərdə onlardan istifadə etməyimizə görə komandaya daha tez qoşulmaları vacibdi. Bir həftədə olacaq bu 3 matça azsaylı futbolçularla girmək riskdi. Buna görə istəyirik və çalışırıq yeni futbolçularımızı tez bir zamanda dəvət edək ki, həm onların uyğunlaşması üçün də vaxt lazım olacaq, həm də bu oyunlarda heyətimiz daha da azala bilər. Çünki kimsə zədələnə, kimsə cəzalana bilər.  

 

- "Neftçi"dən söz düşmüşkən, yoxlama matçında 4 qol vuran, 3 top buraxan bir komanda. Necə dəyərləndirərdiniz qarşıdakı rəqibinizi?

- Eyni vaxtda oynadığımıza görə canlı izləyə bilmədik "Keşlə"ylə matçlarını, ancaq fraqmentləri görmüşük. Ümumiyyətlə, hər zaman baş məşqçi dəyişikliyi baş verəndə, komandada ruh yüksəkliyi yaranır. Hər bir futbolçu yeni baş məşqçiyə özünü göstərmək istəyir. "Neftçi" hər zaman "Neftçi"di, rəqib kimi hər zaman hörmət etdiyim komandalardan biridi. Evdə oynamağımıza baxmayaraq, bizi çətin bir sınaq gözləyir. Çempionatın son oyunları da göstərir ki, "Neftçi" nəticələrini də yaxşılaşdırıb. Əsasən da hücum planında  yaxşılığa doğru dəyişiklər görünür ki, daha çox qol vururlar. Biz də bu gündən, bu saatdan hazırlaşmağa başlamışıq "Neftçi"ylə görüşə. Çalışacağıq ki, düzgün futbol oynayaq. Nəticə nə olursa-olsun, "Səbail" çempionatda çalışacaq sonadək hər bir rəqibə ciddi müqavimət göstərsin. 

 

- Hazırda "Neftçi"nin əsas "vuran ayağı" artıq özünə gəlməkdə olan Mirabdulla Abbasovdu. Bu hücumçu yaxın keçmişdə rəhbərliyiniz altında çıxış edirdi. Mirabdullanı necə zərərsizləşdirmək lazım olduğu yəqin, ən yaxşı siz bilərsiniz...

- Heç vaxt belə düşüncəm olmayıb ki. rəqibdə hər hansı bir futbolçunu bağlayaq. Buna heç vaxt çalışmamışıq. Bilirik ki, Mirabdulla hücumda ən aktiv futbolçulardan biridi "Neftçi"də. Ancaq ondan başqa digər futbolçular da var ki, hücum planında çox yaxşı işlər görə bilirlər. Burda Namiq Ələsgərovu, Sabir Buqrini, Emin Mahmudovu yaddan çıxarmaq olmaz. Ona görə hər hansı bir oyunçunu deyil, ümumən komanda şəklində düzgün oynayıb, rəqibi də düzgün zərərsizləşdirməyi planlaşdırırıq. 

 

 

 

MEHMAN SÜLEYMANOV