Qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq voleybolçusu Katerina Jidkova Yunanıstanın AEK klubundan kənarlaşdırılıb. Sport24.az xəbər verir ki, oyunçumuz Afinaya gedərək komanda ilə hazırlıqlara başlayıb.
Lakin Kateranın adını komandanın sifariş ərizəsinə daxil edilməyib. Rəsmi açıqlamaya əsasən, baş məşqçi Kostas Arseniadis voleybolçunu bəyənmədiyi üçün bu addım atılıb. Hərçənd, hazırlıq prosesinin əvvəlindəcə belə qərarın verilməsi müəmmalar doğurur.
Qeyri-rəsmi məlumata görə, Jidkova Ermənistan - Azərbaycan münasibətlərinə görə qovulub və oyunçunun AEK-də olması ermənilər tərəfindən problem kimi qəbul ediləcək.
Katerina isə apasport.az-a açıqlamasında ayrılmasına aydınlıq gətirərək, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcəyini deyib. Onun sözlərinə görə, AEL-dən ayrılmasında hansısa hadisələr rol oynamayıb: “Müqaviləni pozub, komandadan ayrılıram. Biz anlaşmaya qarşılıqlı razılıq əsasında xitam veririk. Azərbaycanda baş verən hadisələrin buna təsiri yoxdur. Dağlıq Qarabağdakı müharibənin komandadan getməyimlə bağlılığından söhbət gedə bilməz”.
Qeyd edək ki, Jidkova AEK-lə ötən ay bir mövsümlük müqavilə imzalamışdı.