Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında təşkil olunan 11-ci tura “Ekspress” – “Neftçi” matçı ilə start verilib.

“Neftçi” bu dəfə də asan qələbəyə sevinib. Pərviz Səmədovun komandası 3 xalı rəqibini 3:0 (25:13, 25:7, 25:13) hesabı ilə məğlub etməklə əldə edib. 

Günün ikinci matçında lider “Murov” “Sərhədçi”ni sınağa çəkib. Bu qarşılaşmada isə qalib 4 hissədə müəyyən olunub. İlk setdə 11:25 hesabı ilə məğlub olan “Sərhədçi” sonrakı hissəni 25:23 hesabı ilə aktivinə yazdırıb - 1:1. 

Autsayderin bundan artığına gücü çatmayıb. “Murov” ardıcıl iki seti qazanmaqla görüşün hesabını müəyyənləşdirib - 3:1 (25:11, 23:25, 25:13, 25:15). 

Beləliklə, 11 turdan sonra “Murov” 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. Onlardan bir xal geri qalan “Neftçi” ikinci pillədə qərarlaşıb. Bu turda istirahət edən MOİK 15, məğlubiyyətə üzülən “Ekspress” 6 xala malikdirsə, “Sərhədçi” hələ də xal hesabını aça bilməyib.