Avropa çempionatının final mərhələsində mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin toppaylayıcısı Kristina Besman açıqlama verib. Sport24.az xəbər verir ki, o, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Avropa çempiomatının başlamasına sayılı günlər qalıb. Bütün iştirakçılar kimi biz də hazılığın son mərhələsindəyik. Bosniya və Herseqovinada məşqlərimiz davam edir və buradan birbaşa Serbiyaya yola düşəcəyik. Avropa çempionatına hazırlığımız iyun ayında başlayıb. İki ay ərzində təlim-məşq toplanı.ları və yoxlama oyunlarımız olub. Düzdür, keçirdiyimiz yoxlama oyunlarda məğlub olduq, amma bu, bizi həvəsdən salmamalıdır. Artıq komandamız burada tam heyətlə məşqlərə davam edir. Olena Xarçenko da Bosniya və Herseqovinada bizimlə məşqlərə qatılıb. İnanıram ki, oyunlarda Olenanın komandamıza çox böyük köməyi olacaq. 

Bu mənim 4-cü Avropa çempionatımdır. Hər bir idmançı kimi mən də meydançaya qalıb gəlmək üçün çıxıram. Düşünürəm ki, biz hər birimiz özümüzə inansaq və meydançada gözəl oyunumuzu oynasaq, o zaman daha rahat qələbə qazana bilərik”.