Kişi voleybolçular arasında Azərbaycan çempionu bəlli olub.

Sport24.az xəbər verir ki, Yüksək Liqada qızıl medalların taleyinə bu gün keçirilən final oyununda aydınlıq gəlib.

Bakı İdman Sarayında təşkil olunan həlledici matçda "Azərreyl" və "Murov Az Terminal" görüşüb. Gərgin mübarizədə keçən qarşılaşmada "dəmiryolçular" 3:2 hesabı ilə qalib gəliblər. "Azərreyl" tarixində ilk dəfə Azərbaycan çempionu adına sahib çıxıb.

"Murov Az Terminal" ardıcıl 3-cü dəfə ölkə çempionu tituluna yiyələnmək şansını qaçırıb.

Azərbaycan çempionatının final matçında Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycanın qadınlardan ibarət voleybol millisinin baş məşqçisi Faiq Qarayev, Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili və federasiyanın digərləri iştirak ediblər.

Qeyd edək ki, iki gün əvvəl keçirilən bürünc medal uğrunda oyunda "Neftçi" MOİK-ə 3:0 hesabı ilə qalib gəlib.

Yüksək Liqa, kişilər
Final
22 aprel
16:00. "Azərreyl" - "Murov Az Terminal" - 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13)

Bakı İdman Sarayı