Azərbaycanın çimərlik voleybolçuları 20 yaşlıların Avropa çempionatında (U-20) əsas mərhələyə yüksəliblər. Sport24.az xəbər verir ki, Polşanın Mıslovitse şəhərində keçirilən qitə birinciliyində Səbinə Əlizadə - Lizi Latsabidze cütlüyü təsnifat mərhələsində iki görüş keçirib.

 

Andorraya 2:0 hesabı ilə qalib gələn qızlarımız Şotlandiyaya 0:2 hesabı ilə uduzublar. Nəticədə cütlük növbəti mərhələyə yüksəlib. Səbinə Əlizadə - Lizi Latsabidze cütlüyü C qrupunda İspaniya, Serbiya və İngiltərə ilə oynayacaq. Matçlar bu gün və sabah baş tutacaq. Yarışın qalibləri isə ayın 28-də bəlli olacaq.

 

Onlardan fərqli, Nəriman Bayramlı - Muhammad Aslanlı cütü təsnifat mərhələsində yarışla vidalaşıb. 

 

Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolu tarixində ilk dəfə 18 yaşı olan cütlüyümüz Avropa çempionatının (U-20) əsas mərhələsinə qatılacaq.