Dekabr ayının 14-də 2019/20 mövsümü üçün qadınlar və kişilər arasında keçiriləcək voleybol üzrə Azərbaycan çempionatının Yüksək və Super liqa yarışlarına start veriləcək. Sport24.az xəbər verir ki, Dərnəgüldə yerləşən “Voleybol Mərkəzi”ndə ilk olaraq çempionatın açılış mərasimi daha sonra isə Yüksək və Super liqa yarışlarının ilk dövrəsinin oyunları keçiriləcək.

Mövsümün ilk matçı 14:00-da “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutacaq. İlk oyundan sonra Yüksək və Super liqa yarışlarının açılış mərasimi keçiriləcək. 16:00-da isə “Lokomotiv” və “Neftçi” komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, Super liqa yarışlarında 6 komanda iştirak edəcək (Azərreyl, Lokomotiv, Abşeron, Mübariz, UNEC, Gürcüstan). Yüksək Liqa yarışlarında isə 7 komanda çempionluq uğrunda mübarizə aparacaq (Neftçi, Lokomotiv, Azərreyl, MOİK, Xilasedici, Sərhədçi, Gürcüstan). Qadınlar və kişilər arasında keçirilən ölkə çempionatı 2 dövrədən və pley-off mərhələsindən ibarət olacaq.