Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov şahmatçılarımızı Sloveniyadakı şəxsi Avropa çempionatındakı çıxışını da dəyərləndirib. Sport24.az xəbər verir ki, qurum başçısı mətuat xidmətinə açıqlamasında ilk növbədə şahmatçılarımızın ötən gün rəsmiləşdirdiyi uğuru qeyd etmək istədiyini vurğuayıb: "Təmsilçilərimiz yarışda yüksək nəticəyə nail olmaqla bizi sevindirdilər. Vasif Durarbəyli 8 xal toplamaqla yekunda 3-8-ci yerləri bölüşdürdü. Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə qərarlaşdı. İlk dəfə olaraq qitə birinciliyinin nəticələrinə əsasən, 4 təmsilçimiz 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı"

Məmmədov üç şahmatçının isə fərdi normativləri yerinə yetirdiyini qeyd edib: "Son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb. Qədimbəyli karyerasında ən yaxşı turnirlərdən birini keçirdi və çempionatda uzun müddət liderlər qrupunda mübarizə apardı. Bununla yanaşı, Gövhər Beydullayeva xanımlar arasında ən yaxşı nəticəni göstərib və qrossmeyster üzrə son normasını yerinə yetirib".