Artıq bir neçə gündü Azərbaycan şahmatı ətrafında müzakirələr səngimək bilmir. Komanda dünya çempionatına seçmə xarakter daşıyan Namizədlər yarışına qatılan 8 dərin zəka sahibini Azərbaycan Şahmat Federasiyası (AŞF) hansı qaydaya uyğun seçib? Turnirin reqlamentini kim yazıb və niyə belə vaxt qıtlığı yaşanan zaman keçirilib? Gəlin, hər şeyi əvvəldən xatırlayaq.

Namizədlər turnirində Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak etmədi. Hər ikisi “super qrossmeyster” statusu (2700+ reytinqi) daşıyır və deyək ki, AŞF bunu əsas gətirərək şeçmələrdən azad edib. Bu yerdə maraqlı bir xatırlatma edək. Rəcəbov son Şahmat Olimpiadasında millimizin heyətində çıxış etməkdən imtina etmişdi. Vəziyyətin gərginliyini görən AŞF təcili surətdə Teymurun adından “koronavirusa yoluxmuşam” məktubu dərc etdi. İndi şahmat elitasında “heç-heçə Teymur” kimi tanınan Rəcəbovu hansısa formada milliyə cəlb etmək mümkün olub. AŞF rəhbərliyi rəsmi olmasa da, kuluarlarda Azərbaycanın 2-ci lövhəsini Rəcəbov səviyyədə heç kimin mühafizə edə bilmədiyini bildirirlər. Hazırda Rusiyada tikinti biznesinə başı qarışan Teymurun böyük şahmata marağı qalmasa da, yuxarıda qeyd etdiyimiz kimi, onun “saqqızını oğurlamaq” mümkün olub. Bu vəziyyətdə Teymura seçmə mərhələ təklif etmək isə intihara bərabər olardı. Məmmədyarova gəlincə, reytinqdə Rəcəbovla eyni sırada dayanan şahmatçının Namizədlər turnirinə gətirilməsi absurd olardı. Çünki buna hansısa don geyindirmək mümkün deyil!

Ancaq Şəhriyar və Teymurdan fərqli olaraq, Rauf Məmmədov və Qədir Hüseynovu Nicat Abbasov, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Vüqar Əsədli və Aydın Süleymanlıya rəqib etmək mümkün oldu. Ortaya isə sual çıxır: nəyə görə, məhz bu 8 iştirakçı? Nəyə görə 1 dövrəlik sistem? 

Əslində, seçmələrin faydalı olacağını hər zaman demişik. Çünki milli eyni adamlardan ibarətdirsə, rəqabət sönur. Deməli, AŞF-nin bu təşəbbüsü məqbul sayılmalıdır. Lakin zaman olduqca uğursuz seçilib. Dünya çempionatına 20 gün qalmış millinin heyəti müəyyənləşirsə, komanda şəklində bu insanlar nə vaxt hazırlıq keçəcək? Göründüyü kimi, AŞF rəhbərliyinin təşkil etdiyi bu turniri qədim rus atalar məsələninə uyğunlaşdıra bilərik: “Daha yaxşısını etmək istəyirdik, amma həmişəki kimi oldu”.

Elə turnirin reqlamenti, iştirakçıların adları və sayı da səhv idi. Niyə? Çünki bunu bir neçə mərhələli Azərbaycan Qran Prisi kimi etmək olardı. Misal kimi 2200 reytinqdən başlayan şahmatçılara ilk mərhələdən iştirak etmə hüququ verilə bilərdi. Hər bir turnirə də mükafat fondu qoymaq şərti ilə. Üstəlik, bu turnirlər reytinq xarakterli olaydı. Yalnız son mərhələyə çıxanlar ölkə adına tarix yazmış Rauf Məmmədov, Qədir Hüseynov kimi korifeylərə rəqib olmaq hüququ əldə edəydi. Bu, AŞF-nin də nüfuzunu onqat qaldırardı, şahmatın populyarlaşması, kütləviləşməsinə də nəzərəçarpacaq təkan verərdi.  

Təəssüf ki, hazırda Federasiya 5-6 nəfərin inhisarındadı, ağıllarına nə gəldi, onu da edirlər. Demirik ki, bilərəkdən belə naşı qərarlar verirlər. Böyük ehtimalla, onlar da istəyir ki, yeni Federasiya prezidentinə faydalı olduqlarını nümayiş etdirsinlər, amma atalar əbəs yerə deməyib ki, “məsləhətli don gen olar”. Təəssüf ki, bu yöndə heç bir əməli iş görülmür. Göruləcəkmi? 

 

 

CEYHUN ƏLİYEV