Ötən gün Ümumdünya Şahmat Olimpiadasında 4-cü turun oyunları kecirildi. Kişilərdən ibarət yığmamız Türkiyə ilə qarşılaşmanı 2:2 hesabı ilə başa vurdu. Quru nəticəyə baxdıqda düşünmək olardı ki, bu, qardaş ölkənin millisinə edilən bir jestdi. Ancaq keçirilən partiyalara baxan və lövhələrdə nələrin yaşandığını təhlil etmək iqtidarında olan hər bir kəs anladı ki, matç təmiz keçirilib. 

Ölkəmizdə şahmat savadı olanların sayı futbolla müqayisədə daha az olduğu üçün daha aydın izahatı elə futbol ölçüləri ilə verək: Azərbaycan futbolu qardaş ölkədəkindən nə qədər geridirsə, təxmini Türkiyə şahmatı da bizdəkindən bir o qədər arxadadı. Ancaq dünən biz məğlubiyyətin bir addımlığında idik. İlk iki lövhədə (Yarış Sofiya qaydaları ilə keçirilir: heç bir partiyada 30-cu gedişədək heç-hecəyə razılaşmaq olmaz. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov Mustafa Yılmaz və Can Emre ilə müvafiq olaraq 31 və 32-ci gedişdə xalları yarı böldülər. Təsadüfdürmü?!) heç bir mübarizə görmədikdən sonra gözlər Qədir Hüseynov və Vasif Durarbəylinin çıxış etdiyi lövhələrə yönəldi. Qaralarla oynayan Qədir Sanal Vahapla partiyada Slavyan müdafiəsini seçdi. Debütdən yetərincə möhkəm vəziyyət alan həmyerlimiz 26-cı gedişdə bərbad səhvlə bütün bərabərlik şanslarının üzərindən qalın xətt çəkdi. Həmin anadək artıq Məmmədyarov və Məmmədov partiyalarını tamamlamışdı. Ümid qalırdı Vasif Durarbəyliyə. Həmin Vasifə ki, Teymur Rəcəbovun millidən məlum rüsvayçı imtinasından sonra özündə cürət tapıb həqiqəti çılpaqlığı ilə yazmışdı. Bəli, Azərbaycan Şahmat Federasiyası (AŞF) “ərkoyün övlad”ının adından təcili təkzib uydurmaqla, vəziyyətdən çıxmağa çalışmışdı. Təcili surətdə Rəcəbovu “koronavirusa yoluxduran” AŞF yaranmış vəziyyətdən çıxmağa çalışmışdı. Bəlkə də sıravi azarkeşləri aldatmaq mümkün oldu. Ancaq elə həmin Vasif uzun illərdi yığma komandamızdakı rüsvayçılığı bir daha qabardaraq, Federasiya rəhbərliyinin Rəcəbova qarşı xüsusi sevgisini aşkar qabartmışdı.

Qayıdaq Durarbəyli - Ali Marandi partiyasına. Tərəflər debütü sakit başladılar - “iki at müdafiəsi”. Azərbaycanlı qrossmeysterin bütün səylərinə baxmayaraq, rəqib inamla müdafiə olunurdu. Mümkün heç-heçə komandamızın ümumi hesabda məğlubiyyəti anlamına gəlirdi. Arxada qalan 60 (!) gedişdən sonra lövhədən aşkar bərabərlik qoxusu gəlirdi. Nəhayət, 63-cü gedişdə Marandi dözmür və kobud səhvə yol verir. Gəl ki, sevincimiz cəmi 1 gediş davam edir. Şahmatçımız 65-ci gedişdə qeyri-dəqiqliyə yol verir və böyük üstünlüyü demək olar ki, sıfırlanır. 

Haşiyə. İlk dünya çempionu Vilhelm Steynitsqalib gəlmək istəyirsinizsə, mütləq hücum etməlisinizdeyib

Durarbəyli inanılmaz əzmkarlığı və Steynitsin dediklərini etməklə türkiyəli qrossmeysteri ikinci dəfə səhvə yol verməyə məcbur etdi. Səhvini anlayan Marandi növbəti gedisdə “qaş düzəltməyə” çalışsa da, “gözü də çıxardı”. Bundan sonra Vasif ideal gedişlərlə rəqibini boğdu və 83-cü gedişdə türkiyəli şahmatçı “ağ bayraq qaldırdı”.

Vasifin fədakarlığı 2009-cu ildə Novi Sadda baş tutan Avropa çempionatındakı hadisələri xatırlatdı. Son turda qitə çempionu olmaq üçün millimizə Hollandiya ilə matçda qələbə lazım idi. Üç lövhədə xallar yarı bölünmüşdü və bütün ümidlər mərhum Vüqar Həşimova idi. Ötən gün olduğu kimi, Daniel Stellvagenlə görüşdə də tam bərabər vəziyyət idi. Lakin Həşimov sonadək döyüşdü və 100 (!) gedişdən artıq davam edən partiyada yığmaya qızıla bərabər qələbəni gətirdi...

Teymur Rəcəbovda da uzun illər öncə Ermənistanla matçda bənzər şans olub. Vəzir top və filə qarşı (piyada sayı eyni) endşpildə Teymur Levon Aronyanla qələbə üçün heç bir cəhd etmədi. Halbuki həmin anda hesab 1,5:1,5 idi və idmanda mənfur düşmənə qarşı əldə edilən istənilən qələbə az da olsa, ölkə vətəndaşlarımıza bir təsəlli idi. 

Bu abzasda isə daha çox ritorik suallar səslənəcək. Nəyə görə ümummilli lider Heydər Əliyevin göstərdiyi qayğı sayəsində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, rəhmətlik Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov kimi əjdahalar ortaya çıxdığı halda, son 10-15 ildə bir nəfər belə elitar şahmatçımız dünya olimpində parlamır? Yoxsa indi şahmata daha az pul ayrılır? Əsla! İndi əvvəlkindən də çox vəsait ayrılır. Ancaq həmin vəsaitin hara axdığını heç kəs bilmir. İstedadlı şahmatçı yoxdu? Necə yəni yoxdu? Axı, 8, 10, 12, 14 yaşlılar arasında dəfələrlə Avropa və dünya çempionlarımız olub. Bəs sonra? Sonrası budu ki, həmin şahmatçılar ali təhsil ocaqlarına hazırlaşmağa başlayıb və şahmatın başını buraxıblar. Niyə? Çünki Azərbaycan Şahmat Federasiyası onlara sahib çıxmayıb! İstedad sarıdan qətiyyən korluq çəkməyən Azərbaycan tarixi ərzində bir dəfə də olsun Şahmat Olimpiadalarından medalla qayıtmayıb? Niyə? Çünki komandada daim intriqalar yaşanıb. Daha dəqiq olsaq, komanda daxilində daim ayrıseçkilik olub. Vaxtilə rəhmətlik Vüqar Həşimov buna qarşı çıxmışdı və həqiqəti söylədiyi üçün uzun müddət millidən kənar saxlanıldı. Ötən il qadınlardan ibarət yığma komandamız Avropa çempionatında tarixi uğura imza ataraq, bürünc medal qazanmışdı. Yəqin ki, məşhur qalmaqalı heç kəs unutmayıb. AŞF vəd edilən mükafatı verməkdən imtina edirdi. Yalnız Milli Məclisin deputatlarının kəskin təzyiqindən sonra pullar ödənildi. Sual olunur, mükafat vəd edilibsə, deməli, bunun üçün büdcə olub. Büdcə olubsa, nəyə görə pullar ödənilmirdi? Başqa cibə axmalı idi? 

Nəhayət, daha bir acınacaqlı məqam. Ötən gün millimizin rəqibi olan Türkiyə millisinin üzvlərinin bu səviyyəyə çatmasının əsas səbəbkarları azərbaycanlı mütəxəssislərdi. Paradoksdu, deyilmi? Evlərində qiymət verilməyən azərbaycanlı məşqçilər qardaş ölkənin şahmatını 10 ilə TOP ölkələr sırasına çıxarmağı bacardı. Yenə də sual: axı, nəyə görə bu mütəxəssislərə Vətəndə qiymət verilmir? Yəqin ki, sərf eləmir. Nə vaxtsa şahmatdakı rəzalətlə dolu kitabın qatı açılacaq. Bax, onda bu idman növünü bu vəziyyətə salanlar sağ olmasalar belə, gorlarına söyüləcək.

 

CEYHUN ƏLİYEV

 

P.S. Ermənistan yığması  üçqat Olimpiya çempionudur.