Şahmat üzrə dünya çempionatında kişilərdən ibarət yığma komandamızın heyəti müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, millimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Vüqar Əsədli və Aydın Süleymanlı ilə təmsil olunacaq.

Azərbaycan Şahmat Federasiyasının qərarına əsasən Şəhriyar və Teymur yığmaya birbaşa dəvət aldığı halda, heyətə düşən digər zəka sahibləri birdövrəlik turnirdə iştirak edib.

Milliyə vəsiqə qazana bilməyənlər sırasında Nicat Abbasov, Vasif Durarbəyli, Məhəmməd Muradlı və Misrətdin İsgəndərov qərarlaşıb.

Dörd günü əhatə edən 7 turdan ibarət turnirdə ilk pillə Süleymanliya nəsib olub.

Əlavə edək ki, 12 milli komandanın qatılacağı dünya çempionatı 19-26 noyabr tarixlərində İsraildə baş tutacaq. İki qrupa bölünəcək yığma komandalar 45 dəqiqəlik limitlə gündə 2 partiya keçirəcək. Daha sonra qrupdakı 1-4-cü yerin sahibləri pley-offa vəsiqə əldə edəcək.