Şahmat üzrə milli komandamızın üzvü Rauf Məmmədov Ukrayna ərazisində müharibə davam etdiyi və FİDE prezidenti rusiyapərəst olduğu müddətdə bu qurumun bayrağı altında keçirilən heç bir yarışda iştirak etməyəcəyini bildirib. Əlbəttə, hər bir şahmatçı hansısa qərar qəbul etməkdə sərbəstdi. Heç Məmmədova “səni Azərbaycan yetişdirib, millini təmsil etmək boyun borcundu” demək belə ədalətsizlik olar. Raufun hansı vəziyyətlərdə necə vətənpərvərlik göstərməsini bu sətirlərin müəllifi dəqiq bilir. Yəni, qrossmeyster Vətən qarşısında borcunu artıqlaması ilə ödəyib. Amma...

FİDE-nin hazırki prezidenti Arkadi Dvorkoviçdi. O, tək Rusiya vətəndaşı deyil, Dvorkoviç həm də Rusiya Federasiyasının I dərəcəli Həqiqi Dövlət Məsləhətçisidi. Başqa sözlə, Dvorkoviç Rusiyanın Ukraynaya təcavüzünün rəsmi dəstəkləyicisidi.

Həmyerlimizi təcavüzkar ölkəyə qarşı hər bir vicdanlı insandan daha üst səviyyədə etiraz etməsinə vadar edən başlıca faktor həyat yoldaşı Natalya Buksanın ukraynalı olması və hazırda cütlüyün məhz bu ölkədə yaşamalarıdı. Hər bir ailə başçısı bacardığı formada ailəsini qorumağa borcludur ki, Rauf da belə bir təzyiq rıçaqından istifadə etmək istəyir. 

Bura qədər yazılan bütün cümlələr dünya şöhrətli şahmatçımızın qərarına bəraət qazandırır. Amma şəxsi fikrim belədi ki, Rauf səhv edir. Etiraz etməkdə yox, seçdiyi forma yanlisdi. Bəs nə etməli idi Rauf? 

O, əvvəlcə, millidəki komanda yoldaşlarına Dvorkoviçi istefaya çağırmağı təklif etməli, ardınca isə miqyası böyüdərək, yaxın olduğu əcnəbi şahmatçıları da bu addıma səsləməli idi. 

Bu proseslə paralel daha bir maraqlı addım atmaq olardı. Xüsusi olaraq dünya və Avropa çempionatlarında, habelə Şahmat Olimpiadasına eksklüziv formalar sifariş etmək olardı. Millimizin hər bir üzvünün formasının sinəsində Azərbaycan bayrağı, əks tərəfində isə Ukrayna bayrağı həkk olunmaqla Rusiyaya etiraz, Ukraynaya isə dəstək nümayiş etdirmək olar. Bu, tək ölkəmizdə deyil, bütün dünyaya səs salar və böyük ehtimalla, əksər yığmalar da analoji addıma qərar verərdi.

Göründüyü kimi, təklif etdiyim etiraz formaları şahmat millimizə zərər vurmadan, daha əzəmətli və geniş kütləyə hesablanan formatdadı. İnanıram ki, Məmmədov bu yazıdan özünə düzgün nəticələr çıxaracaq və etirazını fərqli formata keçirəcək.

 

CEYHUN ƏLİYEV