Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədov milli komandanın üzvü Rauf Məmmədovun FİDE bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, qurum rəhbəri, AŞF-nin Mətbuat xidmətinə açıqlamasında bu barədə əlavə şərhə ehtiyac olmadığını söyləyib.

Məmmədov 34 yaşlı qrossmeysterin yazdığı postla bağlı fikirlərinə ətraflı izah verdiyini vurğulayıb.

FIDE prezidenti Arkadi Dvorkoviçin Ukraynadakı hadisələrlə bağlı mövqeyinə də toxunan Məmmədov onun müharibəyə münasibətini aydın şəkildə göstərdiyini bildirib: "Dvorkoviç tamamilə sülh tərəfdarı olduğunu söyləyib. O, fikirlərinin böyük çətinliklərlə üzləşən Ukraynanın dinc əhalisinin yanında olduğunu bildirib. FİDE idmançıya yaraşmayan açıqlamalarla gündəmə gələn Rusiya şahmatçısı Sergey Karyakini tənqid edib və sanksiyaya məruz qoyub. Karyakin ən azı 6 ay şahmat yarışlarından uzaqlaşdırılıb. FİDE ailəsi heç vaxt hərbi hadisələrin tərəfdarı olmayıb və sülhün bərqərar olmasını arzulayır".