İtaliyanın Sardiniya adasında gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatı davam edir.

Sport24.az xəbər verir ki, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva 10-cu tur çərçivəsində sloveniyalı Urh Zala ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 19 yaşlı şahmatçımız 30-cu gedişdə sülhə razılaşıb. Bu nəticə ilə xallarının sayını 8.5-ə yüksəldən Gövhər liderliyini davam etdirir. İkinci pillədə ondan bir xal geri qalan Qazaxıstan təmsilçisi Assel Serikbay qərarlaşıb. Urh Zala isə 7 xalla üçüncüdür. Gövhər Abdullayevaya çempion olmaq üçün son turda heç-heçə də kifayət edəcək.

Oğlanların yarışında isə Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli macarıstanlı Adam Kozakla üz-üzə gəlib. Yarışın lideri ilə görüşdən sülhlə ayrılan Abdulla 10 turdan sonra topladığı 7.5 xalla ikinci pillədə qərarlaşıb. Kozakın isə 8 xalı var.

İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.