TOP 10

“Köhnə qitə”nin yeni Q(q)urban(lar)ı 

V BUCAQ
Müəllif: Ceyhun Əliyev
19 noyabr 2003-cü il. Bundan bir il öncə dünya çempionatının bürünc medallarına sahib çıxmış Türkiyə yığması Avropa çempionatının final mərhələsinə yüksəlmək uğrunda pley-ffda Latviya ilə cavab qarşılaşmasına çıxır. İlk oyunda səfərdə 0:1 hesablı məğlubiyyətə düçar olan qardaş ölkə təmsilçiləri üçün cavab görüşü uğurlu məcrada keçir. Final fitinə 26 dəqiqə qalınca türklər hesabda 2:0 öndə olsalar da, Layzans 65-ci dəqiqədə fərqi azaldır. Bu vəziyyətdə meydan sahibləri son 25 dəqiqədə daha bir qol vurmasalar, qitə birinciliyinə Baltikyanı ölkənin təmsilçiləri yollanacaq. Bütün heyətlə irəli atılan meydan sahibləri 76-cı dəqiqədə əks-hücumda yaxalanır. Verpakovskis mərkəz dairəsi yaxınlığında Türkiyə yığmasının əfsanəsi – Bülənt Korkmazla təkbətək mübarizədən sürəti hesabına yayınır. Böyük kapitan” rəqib forvardı əliylə saxlamaq hesabına təkbətəkin qarşısını ala bilərdi. Lakin qırmızı vərəqə alacağından çəkinən Bülənt qapısına qol vurulmasına razı olur, ancaq meydandan qovulmasına yox. Verpakovskis hesabı bərabərləşdirir. Bununla da Bülənt meydanda qalsa da, Türkiyə yığması Avropa çempionatına yollana bilmir...

22 noyabr, 2017-ci il. Daha bir türkdilli dövlətin təmsilçisi bu dəfə Çempionlar Liqasının qrup mərhələsində həlledici görüşlərdən birini keçirir: “Qarabağ” İngiltərə nəhəngi – “Çelsi”ni qəbul edir. Matçın 19-cu dəqiqəsi gedir. Bunadək qapılar ağzında ən real təhlükəni Azərbaycan çempionu yaratmışdı. Miçelin yaxın məsafədən endirdiyi zərbə qapı çatından qayıtmışdı. Komanda yoldaşından ara ötürməsi alan Villian İbrahim Şehiçlə təkbətək çıxmağa yaxındı. Onunla mübarizə aparan Rəşad Sadıqov kiçik fola əl atır - əliylə rəqibini dartır. Böyük futbol ölkələrində bu cür epizodlarda “nöqtə”ni göstərmirlər. Ancaq Manuel de Souza epizoddan xeyli aralı olsa da, əsl “qəbirqazan”obrazını nümayiş etdirdi. Sevə-sevə, sevinə-sevinə Azərbaycan çempionunun qapısına penalti təyin edən referinin ürəyi bununla da soymadı. Əlini cibinə atdıqda, heç kimin ağlına gəlməzdi ki, portuqaliyalı hakim ordan qırmızı vərəqə çıxaracaq. Lakin o, 70 min seyricinin böyük ümidlərlə gəldiyi Bakı Olimpiya Stadionunu şoka salan qərarını verdi. Əlbəttə, Rəşadın ağlından da keçməzdi ki, hakim belə həyasızlıq edər. Lakin bizim “Böyük kapitan” qolun qeydə alınmaması üçün, komandasının az da olsa, qapısının toxunulmazlığını qorumağa şans qazanması üçün özünü yox, “Qarabağ”ı düşündü...

Bax, həmin 19-cu dəqiqədə matç birmənalı şəkildə başa çatdı. Komandalar arasında onsuz da bəlli olan astronomik fərq əlçatmazadək yüksəldi. Qalan 71 dəqiqə ərzində de Souza daha bir hoqqabazlığı ilə meydana gəldi: portuqaliyalı 71-ci dəqiqədə daha bir penalti uydurdu və missiyasını tam şəkildə yerinə yetirdi.

...Miroslav Zelinkanın qulaqları məlum səbəbdən hələ də cingildəyir. Həmin vaxtın üstündən 3 il ötüb. O vaxt “Qarabağ” Avropa Liqasının 1/16 finalına çıxacaqdı. Lakin çexiyalı referi İtaliya “İnter”i ilə görüşün son saniyələrində vurulan qolu hesaba almadı. Bu dəfə portuqaliyalı hakim “innovativ texnologiyalar”dan istifadə etdi. Yenə xatırladaq? Ok. "Atletiko" ilə görüşdə Dino Ndlovunu yerə sərirlər və referi penalti əvəzinə forvardı meydandan qovur...

Final fitindən sonra təşkil olunan mətbuat konfransında Qurban Qurbanova “bıçaq vursaydın, qan çıxmazdı”. Futbolda bişən birisini aldatmaq olmaz. O da gözəl başa düşürdü ki, bu, “hakim səhv(lər)i” kimi səciyyələndirilə biləcək hal deyil. Lakin təcrübəli mütəxəssis “partlamadı”, birbaşa verilən suala maksimal dərəcədə diplomatiya ilə cavab verdi:
- “Qarabağ”a qarşı birinci dəfə deyil ki, belə qərar verilir. Düşünmürsüz ki, bu, “Qarabağ”ın adı ilə bağlı olan qərardı? Açıq görünürdü ki, burda qərəz var idi...
- Gəlin, bu barədə çox danışmayaq. Onsuz da, onların üzərinə gedərək, nəyisə dəyişə bilməyəcəyik. Kiminsə diqqətini cəlb etməmək üçün belə sözlər işlətməsək, yaxşıdı. Qərar artıq verilib. Bəlkə də, bizim bilmədyimiz nüanslar var. Özümüzü elə aparmalıyıq ki, bizə qarşı həmişə hörmətlə yanaşsınlar.

Qurbanov ən düzgün cavabı versə də... İndi o, həm də millimizin baş məşqçisidi. İndi təsəvvür edin ki, millimiz də uğurlu qrafik cızmağa başladı və belədə, Qurban bəyi və rəhbərlik etdiyi komandaları hansı “aysberqlər”lə görüşlər gözləyir...

Ancaq nəticələr gəldikcə, bu cür əngəllərin artacağı artıq dəqiq məlumdu. Buna rəğmən, ötən gecə mütəxəssis ən düzgün addımı atdı. O,UEFA-nı, hakimi bir-birinə vursaydı, nə özü, nə “Qarabağ”, nə də millimiz xeyir tapmayacaqdı. Ancaq indi Qurbanovun təbirincə desək, “onlar” üçün kiçik bir Azərbaycan “sümük olub, keçib boğazlarına” və bu faktdan yayınmaq mümkün olmayacaq. Hələ ki, Qurban və komandası “Köhnə qitə”nin “qurbanlar”ı seçildi. Ancaq əvvəl-axır həmin “Köhnə qitə” Qurban və komandasının qurbanına çevriləcək.
18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB